Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2026-cı il tarixli 689 nömrəli Fərmanına əsasən investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətlərinə yeni əlavələr və dəyişikliklər edilmişdir.
Azərbaycanın iqtisadi inkişaf strategiyasında investisiyaların cəlb edilməsi, qeyri-neft-qaz sektorunun genişləndirilməsi, regionlarda sahibkarlığın aktivləşdirilməsi və yerli istehsal potensialının artırılması mühüm yer tutur. Bu baxımdan investisiya təşviqi mexanizmi ölkədə sənaye, aqrar emal, logistika, yüksək texnologiyalar və digər prioritet sahələr üzrə irihəcmli layihələrin reallaşdırılmasına xidmət edən əsas dövlət dəstəyi alətlərindən biri kimi çıxış edir.
Dünyada artan geosiyasi risklər, iqlim dəyişiklikləri və tədarük zəncirlərindəki pozuntular iqtisadi təhlükəsizlik, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırmışdır. Bu baxımdan, ölkədə kənd təsərrüfatı sahəsində yeni inkişaf mərhələsinin başlanması aqrar sektorun modernləşdirilməsi, innovativ istehsal texnologiyalarının tətbiqi, investisiya fəallığının təşviqi və ərzaq təhlükəsizliyinin uzunmüddətli təmin olunması baxımından strateji zərurət kimi qiymətləndirilir. Belə ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, cari ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sahədə məhsuldarlığın artırılması, emalın dərinləşdirilməsi, ixrac potensialının genişləndirilməsi və özəl sektor investisiyalarının cəlb edilməsi ilə bağlı verilmiş tapşırıqlar investisiya təşviqi mexanizminin aqrar-sənaye istiqamətində genişləndirilməsini aktuallaşdırmışdır.
Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi əsas məqsədlər kimi müəyyən edilmişdir. Eyni zamanda, buğda, pambıq və heyvandarlıq məhsullarının istehsalı təsərrüfatlarının yaradılması nəzərdə tutulan ərazi vahidləri, faiz subsidiyaları, investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması və müasir texnologiyaların tətbiqi məsələləri üzrə konkret tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrası üçün investisiya təşviqi alətinin kənd təsərrüfatı istehsalı, emalı, saxlanması və logistika infrastrukturu ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkənin aqrar sahəsi üzrə əsas çağırışlardan biri kimi kənd təsərrüfatı xammalı ilə aqrar emal məhsulları arasında balansın təmin edilməsi, xammalın sənayeyə daxil olması və əlavə dəyər yaradan məhsula çevrilməsi qeyd edilmişdir. Bu baxımdan sözügedən Fərman Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərin investisiya təşviqi mexanizmi vasitəsilə dəstəklənməsi baxımından məntiqi davamlılıq yaradır.
Yeni Dövlət Proqramının qəbul edilməsindən sonra kənd təsərrüfatı sahəsinə, o cümlədən heyvandarlıq, istixana, üzümçülük və şərabçılıq istiqamətlərinə xarici investor marağının artacağı, subsidiyaların isə daha çox məhsuldarlıq və emal sənayesinə yönləndiriləcəyi gözləniləndir. Bu isə öz növbəsində investisiya təşviqi istiqamətlərinin genişləndirilməsi üzrə praktiki tələbin artıq formalaşdığını göstərir. Beləliklə, əvvəlcə sahə üzrə strateji hədəflər müəyyən edilmiş, daha sonra həmin hədəflərin reallaşdırılması üçün investisiya təşviqi mexanizminin normativ hüquqi bazası uyğunlaşdırılmışdır.
Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin təşviq edilməsi regionlarda vahid dəyər zəncirinin qurulmasına şərait yaradacaqdır. Bu istiqamət kənd təsərrüfatı istehsalının yalnız xammal mərhələsində qalmasının qarşısını almaqla, məhsulun emalı, saxlanması, qablaşdırılması və bazara çıxarılması imkanlarını genişləndirəcəkdir. Nəticədə aqrar potensiala malik iqtisadi rayonlarda yeni emal müəssisələrinin, logistika mərkəzlərinin və xidmət sahələrinin formalaşması üçün əlavə investisiya stimulu yaranacaqdır.
Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələrinin strateji istiqamət kimi müəyyən edilməsi məhsuldarlığın artırılması və istehsal xərclərinin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamət xüsusilə buğdaçılıq, pambıqçılıq, yemçilik və heyvandarlıq üzrə regionlarda ixtisaslaşmış fermerlərin keyfiyyətli istehsal vasitələrinə çıxışını yaxşılaşdıracaq, idxaldan asılılığı azaldacaq və aqrar istehsalın dayanıqlığını gücləndirəcəkdir.
Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələrinin təşviqi regionlarda məhsulun bazar dəyərinin artırılmasına, ixrac standartlarına uyğunlaşdırılmasına və itkilərin azaldılmasına xidmət edəcəkdir. Meyvə-tərəvəz, giləmeyvə, üzüm, fındıq, sitrus, nar və digər məhsullar üzrə ixtisaslaşmış bölgələrdə çeşidləmə və qablaşdırma infrastrukturunun inkişafı kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara daha rəqabətli formada çıxarılmasına imkan verəcəkdir.
Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin yaradılması layihələrinin təşviqi intensiv bağçılıq və istixana təsərrüfatlarının yeni texnoloji mərhələyə keçidini dəstəkləyəcəkdir. Bu istiqamət su və enerji resurslarından daha səmərəli istifadəyə, ilboyu məhsul istehsalına, məhsuldarlığın artırılmasına, ixrac potensialının genişləndirilməsinə və regionlarda daha yüksək ixtisaslı iş yerlərinin açılmasına şərait yaradacaqdır.
Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələrinin təşviqi aqrar sahənin texniki təminatını gücləndirəcəkdir. Bu istiqamət yalnız kənd təsərrüfatı məhsullarının istehsalına deyil, həm də məhsulun yığımı, saxlanması, emalı və logistikasına xidmət edən sənaye sahələrinin regionlarda inkişafına təkan verəcəkdir. Xüsusilə taxılçılıq, pambıqçılıq, meyvəçilik və tərəvəzçilik üzrə yüksək potensiala malik ərazilərdə bu avadanlıqlara tələbatın artması yerli istehsal və servis xidmətləri üçün yeni imkanlar açacaqdır.
İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələrinin strateji istiqamətlərə daxil edilməsi iqtisadiyyatın rəqəmsallaşması, sənayenin modernləşdirilməsi və “ağıllı” kənd təsərrüfatı həllərinin tətbiqi baxımından vacibdir. Bu istiqamət iqlimə nəzarət sistemləri, suvarma idarəetməsi, sensor texnologiyaları, izlənilmə və keyfiyyətə nəzarət kimi sahələrdə yerli texnoloji məhsulların istehsalına stimul verə bilər. Nəticədə regionlarda müasir texnologiyalara əsaslanan istehsal və xidmət ekosistemi genişlənəcəkdir. Bu istiqamət, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”ya uyğun olaraq, iqtisadiyyatın rəqəmsal sektorda payının artırılmasına xidmət edəcəkdir.
Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələrinin əlavə edilməsi yaşıl enerji layihələrinin yalnız enerji istehsalı mərhələsi ilə məhdudlaşmamasına, bu sahədə sənaye komponentlərinin də ölkə daxilində formalaşdırılmasına xidmət edir. Bu istiqamət metal konstruksiyalar, elektrik avadanlıqları, montaj və texniki xidmət kimi əlaqəli sahələrdə yerli istehsal və məşğulluq imkanlarını artıracaqdır.
“Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri” istiqaməti isə idxalın əvəzlənməsi siyasətinə daha konkret yanaşmanı əks etdirir. Bu istiqamət daxili bazarda tələbat olan, lakin ölkədə istehsalı təşkil edilməyən məhsullar üzrə yeni sənaye sahələrinin yaradılmasına, yerli istehsalçıların texnoloji bilik və avadanlıq əldə etməsinə, qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasına imkan verəcəkdir.
Yeni dəyişikliklərin regionlara təsiri daha çox aqrar-sənaye əlaqələrinin gücləndirilməsi, kənd yerlərində məşğulluğun artırılması, istehsal-emal-logistika zəncirinin tamamlanması və yerli resursların iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində özünü göstərəcəkdir. Aran və Mil-Muğan iqtisadi rayonlarında taxılçılıq, pambıqçılıq, yemçilik, logistika və emal; Şəki-Zaqatala və Quba-Xaçmaz istiqamətlərində meyvəçilik, fındıqçılıq, qablaşdırma və saxlanma; Lənkəran-Astara istiqamətində subtropik meyvəçilik, tərəvəzçilik və istixana təsərrüfatları; Gəncə-Daşkəsən və Qazax-Tovuz istiqamətlərində üzümçülük, heyvandarlıq, yem məhsulları və emal sahələri üzrə investisiya imkanları genişlənəcəkdir.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları baxımından da yeni istiqamətlər xüsusi əhəmiyyət daşıyır. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpası, yeni yaşayış məntəqələrində məşğulluğun təmin edilməsi, müasir suvarma, intensiv təsərrüfatçılıq, aqropark və emal layihələrinin təşviqi “Böyük Qayıdış” siyasətinin iqtisadi komponentinin gücləndirilməsinə töhfə verəcəkdir. Bu baxımdan investisiya təşviqi mexanizmi azad edilmiş ərazilərdə özəl sektorun daha fəal iştirakını təmin edən əlavə alət kimi çıxış edəcəkdir.
Ümumilikdə, qeyd olunan Fərman strateji investisiya layihələrinin istiqamətlərini mövcud iqtisadi çağırışlara uyğunlaşdırmaqla, aqrar sahədə Dövlət Proqramı ilə müəyyən edilmiş hədəflərin real investisiya layihələrinə çevrilməsi üçün normativ əsas yaradır. Dəyişikliklər kənd təsərrüfatı və sənaye arasında əlaqəni gücləndirəcək, regionlarda əlavə dəyər yaradan istehsal sahələrinin inkişafını sürətləndirəcək, idxalın əvəzlənməsinə, ərzaq təhlükəsizliyinə, ixrac potensialının artırılmasına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcəkdir.
Təsdiq edilən dəyişikliklərdən sonra investisiya təşviqi mexanizmi üzrə aparılan təhlillər zamanı layihələrin yalnız müvafiq meyar tələbləri baxımından deyil, eyni zamanda, Dövlət Proqramı ilə əlaqəsi, regionun iqtisadi ixtisaslaşmasına uyğunluğu, yerli xammal və əmək resurslarından istifadə imkanları, idxalın əvəzlənməsinə və ixraca töhfəsi, eləcə də emal və logistika zəncirinə inteqrasiya potensialı baxımından qiymətləndirilməsi imkanı yaranacaqdır.
Nəticə etibarilə, Fərman kənd təsərrüfatı, aqrar emal, sənaye, yaşıl enerji və informasiya-kommunikasiya texnologiyaları üzrə yeni investisiya layihələrinin stimullaşdırılması, regionlarda sahibkarlığın genişləndirilməsi və iqtisadi diversifikasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, sözügedən dəyişikliklər investisiya təşviqi mexanizminin növbəti mərhələdə daha məqsədli, daha regional yönümlü və daha yüksək əlavə dəyər yaradan layihələrə xidmət etməsinə şərait yaradacaqdır.
Hazırda investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakı ardıcıllıqla müəyyən edilmişdir:
1. Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;
1-1. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;
2. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;
4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;
6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;
7. Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;
8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;
9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;
11. Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;
12. Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;
13. Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;
14. Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;
15. Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;
16. İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.
Asif Həsənov,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
