Səssiz dünyada səs-küylü travma: Autizmli uşaqları cəmiyyətin aqressiyasından necə qorumalı?
Bir çox autizmli uşaq duyğularını, sevgisini, qorxusunu və ya yorğunluğunu sözlərlə ifadə edə bilmir. Lakin onların səssizliyi, heç nə demək istəmədikləri mənasına gəlmir. Onlar bəzən gözlərini bizdən qaçıraraq, bəzən bir oyuncağa bərk-bərk sarılaraq, bəzən də sadəcə qulaqlarını qapayıb yellənərək bizimlə danışırlar. Bu, onların ruhunun səsidir. Biz o səssizliyin dilini öyrənməli, uşağın bədən dilini, baxışlarının gizli mənasını ürəyimizlə oxumağı bacarmalıyıq. Onların dünyasında hər kiçik hərəkət, əslində kömək və anlaşılmaq gözləyən bir fəryaddır
Bu uşaqlar üçün həyatın sabitliyi, günlərin eyni qaydada axması sadəcə bir vərdiş deyil, onların yeganə sığınacağı, özlərini təhlükəsizlikdə hiss etdikləri limandır. Sabahın, növbəti saatın onlara nə gətirəcəyini bilmək içlərindəki o böyük təşvişi sakitləşdirir. Qəfil dəyişən planlar, tanımadıqları üzlər və ya gözlənilməz hadisələr onları qorxulu bir qeyri-müəyyənliyin içinə ata bilər. Buna görə də onların dünyasına toxunarkən hər bir addımı şəfqətlə, əvvəlcədən və onun hiss edə biləcəyi bir dillə hazırlamaq lazımdır ki, sığınacaqları dağılmasın.
Əgər bir uşaq saatlarca sadəcə bir maşının təkərini fırladırsa və ya yalnız dinozavrlardan bəhs edirsə, onu bu dünyadan zorla qoparmağa çalışmaq onun ürəyini qırmaq deməkdir. Əksinə, biz onun o balaca və sehrli dünyasına qonaq getməliyik. Ona həyatı, rəngləri, sevgini və dünyanı elə heyran olduğu o təkərlər, o dinozavrlar vasitəsilə öyrətməliyik. Onun dünyasını dəyişmək bizim həddimiz deyil, bizim missiyamız onun dünyasının üzərindən real həyata incə və güvənli bir körpü salmaqdır. Autizmli uşaqların dünyasında "şıltaqlıq" və ya "səhv" yoxdur, orada sadəcə saf, hələ kəşf olunmamış və bizdən səbirlə sevgi gözləyən məsum bir can var.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli bildirib ki, cəmiyyətdə əsas problem autizm barədə məlumatlılığın aşağı olması, ictimai yerlərdə çalışan əməkdaşların xüsusi ehtiyaclı şəxslərlə davranış üzrə kifayət qədər hazırlıq keçməməsi, zorakılıq hallarına operativ reaksiya mexanizmlərinin zəifliyi və inklüziv mühitin tam formalaşmamasıdır:
"Zorakılıq autizmli uşaqda qorxu, narahatlıq, insanlara qarşı etimadsızlıq və davranış dəyişikliklərinə səbəb ola bilər. Buna görə də ilk növbədə uşaq özünü təhlükəsiz hiss etməlidir. Ailə uşağa sakit və dəstəkləyici münasibət göstərməli, onu günahlandırmamalı, emosiyalarını ifadə etməsinə imkan yaratmalı və gündəlik həyat ritmini mümkün qədər sabit saxlamalıdır. Ehtiyac olduqda uşaq psixoloqu və ya davranış üzrə mütəxəssisin dəstəyi alınmalıdır.
Cəmiyyət isə belə hallara laqeyd qalmamalı, zorakılığı qətiyyətlə pisləməli, autizmli uşaqların hüquqlarının müdafiəsinə dəstək verməli və onların təhlükəsiz, hörmətli və inklüziv mühitdə yaşamasına töhfə verməlidir. Məktəblər, ictimai müəssisələr və dövlət qurumları birlikdə çalışaraq autizmli uşaqların özlərini təhlükəsiz hiss edə biləcəkləri mühit yaratmalı və bu kimi hadisələrin təkrarlanmaması üçün preventiv tədbirlər həyata keçirməlidirlər”.
Psixoloq Leyla Əli isə bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı həssas və anlayışlı yanaşmaq hər birimizin məsuliyyətidir:
"Onların cəmiyyətə təhlükəsiz şəkildə inteqrasiyası yalnız ailənin deyil, bütün cəmiyyətin dəstəyindən asılıdır. Son günlərdə xüsusi qayğıya ehtiyacı olan uşağa qarşı zorakılığı əks etdirən görüntülərlə qarşılaşmaq dərin narahatlıq və təəssüf doğurur. Heç bir səbəb uşağa qarşı fiziki və ya psixoloji zorakılığa haqq qazandıra bilməz.
Belə bir fiziki və ya emosional hücum, xüsusilə autizm spektr pozuntusu olan uşaq üçün ciddi psixoloji travmaya çevrilə bilər. Qısamüddətli dövrdə uşaqda güclü qorxu, narahatlıq, yuxu pozuntuları, ağlama tutmaları, aqressiv davranışların artması, valideyndən ayrılmaq istəməmək, özünütənzimləmədə çətinlik və əvvəllər qazandığı bəzi bacarıqlarda geriləmə müşahidə oluna bilər. Uzunmüddətli dövrdə isə insanlara qarşı etimadın azalması, ictimai məkanlardan və oxşar vəziyyətlərdən yayınma, sosial narahatlığın artması, davranış problemlərinin güclənməsi və travma ilə əlaqəli davamlı qorxu reaksiyaları yarana bilər. Buna görə də belə hadisələrə “keçib gedəcək” kimi yanaşmaq düzgün deyil; uşağın emosional vəziyyətinin diqqətlə izlənilməsi və ehtiyac olduqda vaxtında psixoloji dəstək alması vacibdir.
Belə bir hadisədən sonra valideynlərin ilk günlərdə sakit və təhlükəsizlik hissi yaradan mövqe tutmaları çox vacibdir. Uşağı məcbur edib hadisəni təkrar danışdırmaq əvəzinə, onun emosiyalarını qəbul etmək, gündəlik rutinini mümkün qədər qorumaq və yanında olduqlarını hiss etdirmək lazımdır. “Sən artıq təhlükəsiz yerdəsən”, “Mən sənin yanındayam” kimi qısa və aydın ifadələr uşağın təhlükəsizlik hissini bərpa etməyə kömək edə bilər. Əgər hadisədən sonrakı günlərdə qorxu, yuxu problemləri, aqressiv davranışlar və ya əvvəllər qazandığı bacarıqlarda geriləmə davam edərsə, vaxt itirmədən uşaq psixoloquna və ya psixi sağlamlıq üzrə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Xüsusilə müdafiəyə daha çox ehtiyacı olan uşağa qarşı aqressiya nümayiş etdirmək ciddi nəticələr doğura bilər. Belə davranış göstərən şəxslərin qanun qarşısında məsuliyyət daşıması ilə yanaşı, onların psixi vəziyyətinin də mütəxəssislər tərəfindən qiymətləndirilməsi məqsədəuyğundur. Çünki zorakılıq normal davranış deyil və cəmiyyət olaraq buna qarşı qəti mövqe nümayiş etdirməliyik.
Unutmayaq ki, uşaqların təhlükəsizliyi, hörmət və mərhəmət mühiti hər birimizin ortaq məsuliyyətidir”.