"Yuventus" "Tottenhem"dən Vikarionu heyətinə qatır
İngiltərənin "Tottenhem" klubunun qapıçısı Qulyelmo Vikario karyerasını İtaliyada davam etdirməyə yaxındır və tezliklə "Yuventus"un heyətinə qoşulacaq.
Operativ Media xəbər verir ki, hu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbə bildirib ki, London təmsilçisi 29 yaşlı italiyalı qolkiper üçün Turin klubunun irəli sürmüş olduğu satınalma maddəsi ilə icarə təklifini qəbul edib.
Hələlik rəsmi müqavilə bağlanmasa da, danışıqlarda iştirak edən tərəflərin hamısı keçidin baş tutacağına əmindir. Bildirilib ki, "Aston Villa"nın qapıçısı Emiliano Martinesin transferi dəyərləndirmə fərqliliklərinə görə baş tutmadıqdan sonra "Yuventus" diqqətini Vikarioya yönəldib və "Tottenhem"ə icarə variantı ilə müraciət edib. İnsayder Fabrisio Romanonun sözlərinə görə, Turin klubunun italyan qapıçını birdəfəlik almaq hüququ məcburi xarakter daşımayacaq.
Qulyelmo Vikarionun bu gün tibbi müayinədən keçmək və müqaviləni rəsmiləşdirmək üçün Turinə gəlməsi gözlənilir. Digər insayder Nikolo Skiranın məlumatına görə, klublar arasındakı müzakirələrdə satınalma şərtinin məbləği 10,5 milyon avro ətrafında müzakirə olunub. Əgər "Yuventus" futbolçunu tam olaraq heyətinə qatsa, onunla 1+3 illik müddəti əhatə edən – 2030-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə imzalanacaq. Xatırladaq ki, Vikarionun "Tottenhem"lə cari müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, 2023-cü ildə "Empoli"dən təqribən 20 milyon avro qarşılığında London klubuna keçməmişdən əvvəl bütün karyerasını İtaliyada keçirib.