Azərbaycan millisinin üzvü: Avropa çempionatının bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq
Qadın voleyboçulardan ibarət Azərbaycan millisi bir neçə gün sonra start götürəcək Avropa çempionatına hazırlığı davam etdirir.
Operativ Media xəbər verir ki, millinin hücumçusu Yelizaveta Ruban yarışla bağlı fikirlərini bölüşüb:
“Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Hazırlıq prosesinin böyük hissəsi geridə qalıb və bir neçə yoldaşlıq oyunlarında da gücümüzü sınadıq, zəif tərəflərimizi müəyyənləşdirib üzərində çalışdıq. Artıq yarışın başlamasına sayılı günlər qalıb”.
Y.Ruban ölkəmizin qitə birinciliyinə ev sahibliyi etməsinin komandamıza əlavə motivasiya verdiyini deyib:
“Hər birimiz Avropa çempionatının bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq. Böyük xoşbəxtlikdir ki, bu mötəbər yarışa doğma Azərbaycan da ev sahibliyi edir. Necə deyərlər, doğma divarlar insana güc verir. Azarkeşlərimizin, voleybolu sevən hər kəsin dəstəyini gözləyirik. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı oynayıb qələbələr qazanaq, bizə olan inamı doğruldub növbəti mərhələyə yüksələk”.