Ekspert: “Xəzər dənizinin potensialından istifadə turist axınını daha da artıra bilər”
Bakı xarici turistlərin Azərbaycanda ən çox vaxt keçirdiyi əsas turizm məkanlarından biridir. Şəhərin qədimliklə müasirliyi birləşdirməsi, inkişaf etmiş infrastrukturu, hotel imkanları və Xəzər dənizi sahilində yerləşməsi turist axınında Bakının rolunu artırır. Bununla yanaşı, ölkəyə turist axınını daha da artırmaq üçün yeni turizm məhsulları yaradılmalı və xüsusilə Xəzər dənizinin imkanlarından daha geniş istifadə olunmalıdır.
Bu sözləri Operativ Media-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.
O bildirib ki, Azərbaycana gələn turistlərin vaxtlarının müəyyən hissəsini Bakıda keçirməsi təsadüfi deyil:
"Bunun bir neçə əsas səbəbi var. İlk növbədə Bakı qədimliklə müasirliyin, Şərq və müasir Avropa memarlığının bir arada olduğu unikal şəhərlərdən biridir. Eyni zamanda, şəhərin infrastrukturu kifayət qədər inkişaf edib. Müxtəlif kateqoriyalara aid hotellərin, o cümlədən beynəlxalq brendlərin təqdim etdiyi hotellərin olması, şəhərin Xəzər dənizi sahilində yerləşməsi Bakının turistlər üçün cəlbediciliyini artıran əsas amillərdəndir.
Digər mühüm məqam isə ölkəyə giriş və çıxış imkanlarının əsasən Bakı üzərindən həyata keçirilməsi ilə bağlıdır. Regionlara səfər edən turistlər də Azərbaycana gələrkən və ölkədən gedərkən müəyyən vaxtlarını Bakıda keçirirlər. Bakıda turistlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün kifayət qədər imkan və turizm təklifləri də mövcuddur.
Bütün bunlar Bakının əsas üstünlükləridir. Lakin ölkəyə gələn turistlərin sayını daha da artırmaq üçün turizm məhsullarının çeşidləndirilməsi və yeni istiqamətlərin yaradılması vacibdir.
Xüsusilə Xəzər dənizinin turizm potensialından daha geniş istifadə etmək mümkündür. Bakı sahillərinə yaxın adaların və digər dəniz resurslarının turizm məqsədilə daha fəal şəkildə dəyərləndirilməsi turistlər üçün yeni və maraqlı imkanlar yarada bilər.
Ümumilikdə ölkəyə turist axınının artırılması Bakı ilə regionlar arasında turistlərin daha balanslı şəkildə bölüşdürülməsinə də imkan verəcək. Bunun üçün regionların turizm potensialının daha geniş tanıdılması, nəqliyyat imkanlarının yaxşılaşdırılması və turistlərin ölkəyə səfər etməsini asanlaşdıran istiqamətlərin daha fəal şəkildə təşviq olunması vacibdir”.
