Financial Times: Azərbaycan, Qazaxıstan və Özbəkistanın regional təsiri artır
Özbəkistan, Qazaxıstan və Azərbaycan məhdud resurslarına baxmayaraq, strateji sahələrdə artan təsir imkanlarına malik “kiçik-orta güclər” kimi qiymətləndirilir.
Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, üç ölkə qlobal gündəmi müəyyənləşdirən böyük dövlətlər sırasında olmasa da, energetika, nəqliyyat, regional təhlükəsizlik, vasitəçilik, maliyyə və texnologiya sahələrində, eləcə də əlverişli coğrafi mövqeləri sayəsində beynəlxalq təsirlərini artırırlar.
Özbəkistanın Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsi olması və strateji coğrafi mövqeyi ona regional ticarət və diplomatiyada daha böyük rol oynamaq imkanı verir.
Qazaxıstanın neft və uran ehtiyatları, həmçinin Rusiya ilə Çin arasında yerləşməsi ölkənin regional sərhədlərdən kənarda təsir imkanlarını genişləndirir. Azərbaycan isə enerji resursları, Şərq-Qərb ticarət marşrutundakı mövqeyi və Cənubi Qafqazdakı rolu ilə seçilir.
Məqalədə Orta Dəhlizin üç ölkənin artan təsir imkanlarının nümunələrindən biri olduğu vurğulanıb. Azərbaycan və Qazaxıstan Asiya ilə Avropanı birləşdirən bu marşrutun əsas iştirakçılarıdır, Özbəkistan isə layihəyə fəal şəkildə qoşulur.
Bildirilib ki, Rusiya ərazisindən keçən Şimal Dəhlizi ilə müqayisədə daha mürəkkəb olsa da, Orta Dəhliz hökumətlər və biznes üçün alternativ nəqliyyat marşrutu yaradır.
Həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyadan bərpa olunan enerjinin Azərbaycan üzərindən daşınmasını nəzərdə tutan Xəzər Yaşıl Enerji Dəhlizinin inkişafında əməkdaşlıq edir. Layihə çərçivəsində regionun Avropa ilə Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə əlaqələndirilməsi nəzərdə tutulur.
dəqiqələr içində saytın olsun.