Azərbaycanın informasiya diplomatiyası: Çətinliklər və prioritetlər - TƏHLİL
Azərbaycanın beynəlxalq informasiya məkanında öz həqiqətlərini daha geniş və sistemli şəkildə təqdim etməsi son illərdə xüsusi aktuallıq qazanıb. Ölkənin siyasi, diplomatik və regional müstəvidə həyata keçirdiyi siyasətin dünya ictimaiyyətinə düzgün çatdırılması, Azərbaycanla bağlı obyektiv təsəvvürlərin formalaşdırılması baxımından xarici medianın imkanlarından səmərəli istifadə mühüm əhəmiyyət daşıyır.
Bəs Azərbaycan həqiqətlərinin xarici mediada daha geniş təbliği üçün hansı addımlar atılmalıdır? Mövcud imkanlardan nə dərəcədə istifadə olunur?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məmmədəliyev Operativ Media-ya bildirib ki, Azərbaycan həqiqətlərinin xarici mediada daha geniş şəkildə təbliği üçün mütləq böyük maliyyə vəsaitlərinin xərclənməsinə ehtiyac yoxdur. Bunun üçün dünyada artıq sınanmış metodlardan istifadə etmək mümkündür.
Deputat qeyd edib ki, ilk növbədə əsas istiqamətlər üzrə prioritet ölkələr müəyyənləşdirilməlidir. Buraya, xüsusilə, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqına üzv dövlətlər və digər böyük ölkələr daxil edilə bilər. Həmin ölkələrdə yaşayan, yerli media ilə əlaqələri olan azərbaycanlı jurnalistlər, media nümayəndələri və digər peşəkar şəxslər müəyyənləşdirilməlidir:
“Onların vasitəsilə nüfuzlu media orqanlarında Azərbaycanın siyasətinin müxtəlif istiqamətləri ilə bağlı məqalələrin dərc olunması, televiziya kanallarında və digər media platformalarında çıxışların təşkili təmin edilə bilər”.
Nəsib Məmmədəliyev əlavə edib ki, ikinci mühüm istiqamət diaspor imkanlarından daha səmərəli istifadədir. Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər diaspor təşkilatları mövcuddur və həmin təşkilatların üzvləri arasında mediaya çıxışı olan, ictimaiyyət qarşısında fikirlərini düzgün ifadə edə bilən, yazı qabiliyyəti və peşəkar bacarığı olan şəxslər müəyyənləşdirilməlidir.
Deputat vurğulayıb ki, müxtəlif auditoriyalarla kommunikasiya qurmağı bacaran şəxslərlə sistemli iş aparılmalıdır. Lazım gəldikdə, onların fəaliyyətinə müəyyən maddi dəstəyin göstərilməsi də nəzərdən keçirilə bilər.
Nəsib Məmmədəliyevin sözlərinə görə, Azərbaycan hökumətinin təşkil etdiyi beynəlxalq media tədbirləri də bu baxımdan mühüm əhəmiyyət daşıyır:
“Müxtəlif ölkələrdən tanınmış media qruplarının iştirakı ilə keçirilən Qlobal Media Forumları və Şuşada təşkil olunan tədbirlər Azərbaycanın öz həqiqətlərini beynəlxalq auditoriyaya çatdırması baxımından mühüm platformadır. Hesab edirəm ki, bu proses davam etdirilməli, daha geniş coğrafiyanı və daha çox media qurumunu əhatə etməlidir”.
Deputat qeyd edib ki, son illərdə bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb və müəyyən platformalar formalaşdırılıb. Əsas məsələ mövcud imkanları daha sistemli şəkildə birləşdirmək və onların təsir imkanlarını genişləndirməkdir. Xüsusilə Ermənistanın və erməni diasporunun müxtəlif ölkələrdə Azərbaycana münasibətin formalaşdırılmasına təsir göstərmək cəhdləri nəzərə alınarsa, Azərbaycan həqiqətlərinin beynəlxalq mediada ardıcıl və peşəkar şəkildə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
Media eksperti Azər Həsrət isə vurğulayıb ki, xüsusilə xarici dillərdə kommunikasiya qurmağı bacaran, beynəlxalq qurumlar, jurnalist təşkilatları, insan haqları təsisatları və xarici media ilə işləmək təcrübəsi olan şəxslər önə çəkilərsə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsində daha effektiv nəticələr əldə etmək olar.
Onun sözlərinə görə, son illərdə bu sahədə ciddi təcrübəsi olan insanların potensialından yetərincə istifadə edilmir. Azər Həsrət bildirib ki, əlbəttə, nəsillər dəyişməli, gənclər önə çəkilməlidir. Xüsusilə həvəsli, işləmək və nəticə ortaya qoymaq istəyən gənclərə imkan yaradılmalıdır. Lakin bu prosesdə yüksək təcrübəyə malik insanlar da gözardı edilməməlidir.
“Söhbət həmin şəxslərə vəzifə verilməsindən və ya hansısa imtiyazların tanınmasından getmir. Sadəcə, bu sahəni bilən və təcrübəsi olan insanlara şərait yaradılmalıdır ki, onlar xarici media ilə effektiv işləyə bilsinlər”, - deyə ekspert vurğulayıb.
Azər Həsrətin sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı problem yalnız xarici amillərlə əlaqəli deyil. O hesab edir ki, əsas məsələlərdən biri də Azərbaycanın öz imkanlarından nə dərəcədə səmərəli istifadə etməsidir.
“Öz sözümüzü dünyaya çatdırmaq üçün bütün imkanlardan lazımi səviyyədə istifadə edirikmi? Təəssüf ki, hər zaman yox. Bu işi bacaran insanlar bəzən kənarda tutulur”, - deyə o qeyd edib.
Media eksperti Qlobal Media Forumlarına da toxunaraq bildirib ki, bu tədbirlər kifayət qədər böyük və beynəlxalq rezonans doğuran platformalardır.
Azər Həsrət hesab edir ki, Azərbaycanın beynəlxalq auditoriyaya təqdimatında əsas problem dünyada deyil, müəyyən mənada bizim özümüzdədir:
“Dünyanın Azərbaycana qarşı elə bir ciddi qərəzi yoxdur ki, bizi heç bir halda qəbul etməsin. Biz özümüzü düzgün və peşəkar şəkildə təqdim etsək, böyük ehtimalla bizi də normal qəbul edəcəklər. Bunun üçün isə Azərbaycanı beynəlxalq auditoriyaya təqdim edə biləcək insanlardan daha səmərəli istifadə etmək lazımdır”.
Ekspert vurğulayıb ki, beynəlxalq media ilə işləmək sahəsində təcrübəsi olan insanların prosesə cəlb edilməsi həm dövlət qurumlarının üzərinə düşən yükü azalda, həm də Azərbaycanın informasiya siyasətinin daha effektiv qurulmasına kömək edə bilər.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, ölkənin beynəlxalq imici onun həyata keçirdiyi xarici siyasət və diplomatik fəaliyyətlə birbaşa bağlıdır.
Onun fikrincə, realistik diplomatiya özünü nüfuzlu şəkildə göstərə bildikdə, ölkə haqqında formalaşan informasiya təsəvvürləri də sağlam məzmun daşıyır.
Politoloq qeyd edib ki, Azərbaycanın həm regiondakı siyasəti, həm də qlobal arenadakı davranışı ölkəmizin sülhpərvər kurs həyata keçirdiyini göstərir. Onun sözlərinə görə, Azərbaycan qonşuları və digər dövlətlərlə münasibətlərini elə qurmağa çalışır ki, qarşıdurma və gərginlik yaranmasın.
Tofiq Abbasov vurğulayıb ki, Azərbaycan dəfələrlə sülh yoluna, diplomatik vasitələrə, danışıqlara və dialoqa üstünlük verdiyini bəyan edib. Politoloq Ermənistanla münasibətlərə də toxunaraq bildirib ki, Azərbaycan uzun illər məsələnin sülh və danışıqlar yolu ilə həllinə çalışıb, lakin Ermənistanın mövqeyi buna imkan verməyib.
“Azərbaycan isə qarşı tərəfi dəfələrlə xəbərdar etmişdi ki, əgər sülh yolu ilə, təklif etdiyimiz format çərçivəsində razılığa gəlmək istəmirsinizsə, biz öz siyasətimizi və fəaliyyətimizi lazımi şəkildə quracağıq. Nəticədə belə də oldu”, - deyə politoloq bildirib.
Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan həqiqətlərindən danışarkən əsas diqqət yalnız “Azərbaycan həqiqətləri” anlayışına deyil, ümumilikdə həqiqətin özünə yönəldilməlidir:
“Həqiqətin milli mənsubiyyəti yoxdur. Həqiqət ya var, ya da yoxdur. Azərbaycan isə ümumilikdə həqiqətin və beynəlxalq hüququn tərəfindədir”.
Politoloq qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan mövqe nümayiş etdirir və dövlətin ərazi bütövlüyünün bərpası da bunun göstəricilərindən biridir. Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin icrasını özü təmin edib.
Tofiq Abbasov bildirib ki, Azərbaycan müxtəlif dövrlərdə beynəlxalq təzyiqlərlə də üzləşib. Onun sözlərinə görə, uzun illər müxtəlif Avropa təsisatları və beynəlxalq institutlar Azərbaycanı Ermənistanla sülhə və barışığa sövq etməyə çalışıblar. Lakin Azərbaycanın mövqeyi ondan ibarət olub ki, əvvəlcə işğal olunmuş torpaqlar azad edilməli, daha sonra davamlı sülhə nail olunmalıdır.
Politoloq Ermənistanın müxtəlif ölkələrlə hərbi əməkdaşlığını genişləndirməsinə də diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan Ermənistana qarşı təcavüzkar siyasət yürütmədiyi halda, Ermənistanın silahlanması suallar doğurur.
Tofiq Abbasov hesab edir ki, Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında ölkənin həyata keçirdiyi balanslaşdırılmış və qarşılıqlı faydaya əsaslanan siyasət mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan heç bir dövlətin ərazisində gözü olmadığını nümayiş etdirməklə yanaşı, regional və beynəlxalq layihələri elə həyata keçirməyə çalışır ki, həm Azərbaycan, həm də tərəfdaş ölkələr bundan faydalansın.
Politoloq vurğulayıb ki, nəqliyyat və kommunikasiya layihələri, daşımalar, gediş-gəliş və ticarət əlaqələrinin genişləndirilməsi region üçün yeni imkanlar yaradır. Kommunikasiyaların şaxələndirilməsi Azərbaycanın tərəfdaş ölkələr üçün də cəlbediciliyini artırır.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.
dəqiqələr içində saytın olsun.


