Akif Nəsirli: Azərbaycanda kəndlərdə yaşayan əhalinin cəmi 14,1%-i təhlükəsiz su ilə təmin olunur
Azərbaycanda kənd yerlərində içməli su problemi xüsusilə su ehtiyatlarının məhdud olduğu, yağıntının az düşdüyü və su şəbəkəsinin tam formalaşmadığı ərazilərdə özünü daha qabarıq göstərir. Rəsmi göstəricilər də kənd və şəhər infrastruktur arasındakı kəskin fərqi təsdiqləyir: ölkə üzrə təhlükəsiz içməli su xidmətlərindən istifadə edən kənd əhalisinin payı cəmi 14,1 faiz təşkil edir. İqtisadi rayonlar arasında ən aşağı göstəricilər Mil-Muğan, Qazax-Tovuz, Mərkəzi Aran, Dağlıq Şirvan və Qarabağ bölgələrində qeydə alınıb.
Bu sözləri Operativ Media-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, rayonlar üzrə konkret kəndlərin vəziyyətinə diqqət yetirdikdə, xüsusilə Mil-Muğan bölgəsində yerləşən Sabirabad, Saatlı, İmişli, Beyləqan və ətraf kəndlərdə su məsələsinin daha kritik həddə olduğu görünür:
"Bu ərazilərdə həyata keçirilən təminatda həm içməli, həm də suvarma suyu baxımından ciddi çətinliklər mövcuddur. Nitekim 2026-cı ilin yay mövsümündə suvarma suyu çatışmazlığı ilə bağlı daxil olan müraciətlərin böyük əksəriyyəti məhz Sabirabad, Ağcabədi, Saatlı, Biləsuvar, Salyan, Zərdab, Neftçala və İmişli rayonlarının payına düşüb.
Mərkəzi Aran və Şirvan-Salyan zonalarında da mövcud vəziyyət xüsusi diqqət tələb edir. Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarının bir çox kəndində su təminatı birbaşa magistral xətlərdən və yerli su mənbələrindən asılıdır. Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, fəaliyyət göstərən Sabirabad-Saatlı magistral su kəməri məhz bu regionlarda şəhər və kənd əhalisinin içməli suya olan ehtiyacını qarşılamaq məqsədilə istismara verilib".
Ekspert bildirib ki, Dağlıq Şirvan ərazisində isə problemin xarakteri bir qədər fərqlidir:
"Burada kəndlərin dağlıq və dağətəyi relyefdə salınması, su mənbələrinin yaşayış məntəqələrindən uzaqda yerləşməsi və infrastrukturun köhnəlməsi əsas maneəyə çevrilib. Məsələn, Qobustan rayonunun Xilmilli, Çeyirli və Çelov kəndlərinin içməli su təchizatının yaxşılaşdırılmasına ciddi ehtiyac olduğu rəsmi sənədlərdə də öz əksini tapıb. Sözügedən kəndlərdə mövcud sistemlərin aşınması və nasos qurğularının gücünün kifayət etməməsi başlıca problemlərdəndir".
Onun sözlərinə görə, Qazax-Tovuz iqtisadi rayonunda da bir sıra kəndlərin su təminatının yenidən qurulmasına ehtiyac var:
"Regionda əsas məsələ yalnız suyun ümumi həcmi ilə bitmir; suyun yaşayış məntəqələrinə paylanması, paylayıcı şəbəkələrin cari vəziyyəti və bəzi kəndlərin mürəkkəb relyefdə yerləşməsi çatdırılmanı çətinləşdirir".
Akif Nəsirli bildirib ki, Qarabağ və ətraf ərazilərdə də müasir və dayanıqlı içməli su infrastrukturunun qurulması strateji əhəmiyyət kəsb edir:
"Yeni yaşayış məntəqələrinin salınması və kəndlərin mərhələli şəkildə yenidən məskunlaşdırılması su infrastrukturuna olan tələbatı kəskin şəkildə artırır.
Əslində, Azərbaycandakı su problemini yalnız “ölkədə su resursu yoxdur” yanaşması ilə qiymətləndirmək doğru olmazdı. Dövlət Su Ehtiyatları Agentliyinin 2026-cı ilin iyun ayında verdiyi açıqlamaya görə, həmin il yağıntıların nisbətən bol olması nəticəsində Mingəçevir, Yengicə, Suqovuşan və digər su anbarlarında yetərli həcmdə su ehtiyatı toplanmışdı. Deməli, problem daha çox su resurslarının ərazi üzrə qeyri-bərabər paylanması, iqlim şəraiti, infrastrukturların köhnəlməsi və suyun mənbədən son istehlakçıya çatdırılması mərhələsindəki çətinliklərdən qaynaqlanır.
Buna görə də ən həssas zonaları şərti olaraq Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan, Dağlıq Şirvanın bəzi yaşayış məntəqələri, həmçinin Qazax-Tovuz və Qarabağın müəyyən kəndləri kimi qruplaşdırmaq mümkündür. Lakin burada bir nüansı fərqləndirmək vacibdir: bir rayonun bütövlükdə susuz qalması ilə ayrı-ayrı kəndlərdə içməli su gərginliyinin yaşanması eyni şey deyil. Hətta eyni rayon daxilində bir kəndin su təminatı qaydasında olduğu halda, qonşu kənddə kəskin su çatışmazlığı müşahidə edilə bilər.
Ən başlıca məsələ isə kəndlərdə yaranan su defisitinin yay aylarında yalnız su daşıyan xüsusi maşınlar vasitəsilə müvəqqəti aradan qaldırılması ilə kifayətlənməməkdir. Dayanıqlı nəticə əldə etmək üçün yeni su mənbələri aşkar edilməli, artezian və yeraltı su ehtiyatlarından səmərəli istifadə olunmalı, magistral və kənddaxili xətlər yenilənməli, itkilər minimuma endirilməli və quraqlıq riski yüksək olan zonalarda ehtiyat su sistemləri formalaşdırılmalıdır. Çünki qlobal iqlim dəyişiklikləri fonunda yay aylarında suya olan tələbat daha da artacaqvə bu gün yalnız lokal səviyyədə Hiss olunan problem gələcəkdə daha geniş coğrafiyanı əhatə edə bilər".
dəqiqələr içində saytın olsun.