Menyu

Meşə yanğınları təbiətin zəruri yenilənmə mexanizmidir, yoxsa ciddi ekoloji təhlükə? - TƏHLİL

Operativ Media
Meşə yanğınları təbiətin zəruri yenilənmə mexanizmidir, yoxsa ciddi ekoloji təhlükə? - TƏHLİL

Televiziya ekranlarında və sosial mediada alovlar içində yanan ağacları, tüstüdən boğulan meşələri və evsiz qalan heyvanları görəndə ağlımıza gələn ilk düşüncə fəlakət olur. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları ilk baxışdan yalnız dağıntı və itki kimi görünür. Lakin ekologiya elminin bu mövzuya yanaşması daha mürəkkəbdir.

İnsan müdaxiləsi olmadan, məsələn, ildırım çaxması nəticəsində təbii yolla meydana gələn kiçik və orta miqyaslı yanğınlar meşə ekosisteminin sağlamlığı üçün əslində vacibdir. İllərlə torpağın üzərinə yığılan qurumuş budaqlar, yarpaqlar və çürümüş ağaclar torpağın günəş işığı və hava almasına mane olur. Yanğın bu qalıqları külə çevirərək kalsium, kalium və fosfor kimi vacib qida maddələrini sürətlə torpağa geri qaytarır. Hətta bəzi şam ağaclarının qozaları yalnız yanğının yüksək hərarəti sayəsində açılır və toxumlarını torpağa saçır. Eyni zamanda yanğınlar meşə ağaclarını xəstələndirən zərərli həşəratları və parazit göbələkləri məhv edərək meşənin ümumi sağlamlığını qoruyur.

Bununla belə, günümüzdə qarşılaşdığımız idarəolunmaz meqa-yanğınlar həqiqətən də qlobal təhlükədir. Yüksək intensivlikli yanğınlar heyvanların qaçmasına imkan vermir, yuvaları və endemik bitki növlərini kökündən məhv edir. Meşələr planetin əsas karbon anbarları olduğu üçün yanarkən tonlarla karbon qazını atmosferə buraxır və qlobal istiləşməni daha da sürətləndirir. Torpağı saxlayan bitki örtüyünün məhvi isə gələcəkdə torpaq sürüşmələrinə və sel fəlakətlərinə yol açır.

İnsanların meşə sahələrinə diqqətsiz müdaxiləsi və iqlim dəyişikliyi bu təbii balansı pozub. Temperaturun yüksəlməsi və uzun sürən quraqlıqlar meşələri quru barıt çəlləyinə çevirir. Nəticədə, təbiətin özünü yeniləmək üçün istifadə etdiyi bu təbii proses, günümüzdə bərpası onilliklər tələb edən dağıdıcı fəlakətlərə dönüşür.

Bəs meşə yanğınlarının əsas səbəbləri hansılardır? İqlim dəyişikliyi bu prosesə nə dərəcədə təsir edir? İnsan amilinin rolu nədir və yanğınların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Təbii və antropogen amillər

Mövzu ilə bağlı Operativ Media-ya danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib ki, meşələr planetin həyat əhəmiyyətli varlıqlarından biridir və bizi yaşadan əsas ekosistemlərdəndir.

Onun sözlərinə görə, meşələrin məhv olmasının əsas səbəblərindən biri də meşə yanğınlarıdır:

“Meşə yanğınlarının yaranmasının əsasən iki səbəbi var: təbii və antropogen amillər. Təbii yanğınlara ildırım vurması, vulkanizm və digər təbii proseslər səbəb ola bilər. Lakin dünyada baş verən meşə yanğınlarının böyük hissəsi insan fəaliyyəti ilə əlaqəlidir.

Azərbaycanda da meşə yanğınları əsasən meşə örtüyünün geniş yayıldığı ərazilərdə, xüsusilə Böyük Qafqazın cənub yamacında, eləcə də şimal-qərb hissəsində müşahidə olunur. Burada Zaqatala, Qəbələ, Oğuz və digər rayonların meşə ərazilərini qeyd etmək olar.

Antropogen amillər arasında insanların meşələrdən istirahət məqsədilə istifadə etməsi və təhlükəsizlik qaydalarına əməl etməməsi xüsusi yer tutur. Meşədə icazəsiz ocaq qalamaq, siqaret kötüklərini ətrafa atmaq, məişət tullantılarını ərazidə saxlamaq yanğın riskini artırır. Bəzi hallarda meşə sahələrinin kənd təsərrüfatı məqsədilə istifadəsi və qanunsuz ağac kəsilməsi kimi fəaliyyətlər də yanğın təhlükəsini yüksəldə bilər”.

Ekspert qeyd edib ki, uzunmüddətli quraqlıq və yüksək temperatur da meşə yanğınlarının yaranması və yayılmasını sürətləndirən amillərdəndir:

“Xüsusilə yay aylarında uzun müddət yağıntının olmaması, quraqlıq və yüksək temperatur meşə örtüyünü daha asan alışan vəziyyətə gətirir. Temperaturun 30-40 dərəcəyə və daha yuxarı qalxdığı, yağıntının isə uzun müddət müşahidə edilmədiyi dövrlərdə yanğınların yayılma riski daha da artır. Bu baxımdan təbii şərait və insan faktoru bir-biri ilə sıx əlaqəlidir.

Relyef də yanğınların yayılmasına təsir göstərən mühüm amillərdən biridir. Nisbətən hamar ərazilərdə bitki və yarpaq töküntülərinin daha çox toplanması yanıcı materialın miqdarını artırır. Uzun müddət davam edən quraq hava ilə birlikdə bu amil yanğının yaranması və sürətlə yayılması üçün əlverişli şərait yaradır”.

Ənvər Əliyevin sözlərinə görə, Böyük Qafqaz ərazisində müxtəlif illərdə baş verən yanğınlar da tədqiqatlarda araşdırılıb. O qeyd edib ki, 2023-cü ildə Zaqatala rayonunun Xaçmaz kəndində 35 hektar, Qəbələ rayonunun Tikanlı kəndi ərazisində 30 hektar, Oğuz rayonunun Baş Daşağıl kəndində isə 12 hektar ərazidə yanğın qeydə alınıb.

Ekspert meşə yanğınlarının yalnız ağac örtüyünə deyil, torpağın bioloji strukturuna da ciddi zərər vurduğunu vurğulayıb. Onun sözlərinə görə, torpağın üst qatında yaşayan bakteriyalar, göbələklər və digər mikroorqanizmlər üzvi maddələrin parçalanmasında, humusun yaranmasında və torpaq əmələgəlmə prosesində mühüm rol oynayır.

“Meşə yanğını nəticəsində həmin mikroorqanizmlərin fəaliyyəti pozulur, torpağın münbitliyi azalır və ekosistemin özünü bərpa etmək imkanları zəifləyir. Bu canlılar torpaq əmələgəlmə prosesinin və meşə ekosisteminin davamlılığının mühüm hissəsidir”, – deyə Ə.Əliyev bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov isə hesab edir ki, son illərdə temperaturun yüksəlməsi və yağıntıların azalması meşə yanğınları üçün daha əlverişli şərait yaradır.

Onun sözlərinə görə, xüsusilə avqust ayının sonlarına yaxın bəzi ərazilərdə quraqlığın artması meşə döşənəyində böyük miqdarda quru və yanmağa meyilli materialın toplanmasına səbəb olur:

“İlin bu dövründə bir sıra bölgələrdə turizm fəaliyyəti də artır. İnsanlar meşəlik ərazilərə istirahətə gedir, pikniklər təşkil edir, ocaq qalayır, çadır qurur və müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Belə şəraitdə ən kiçik səhlənkarlıq belə yanğının baş verməsinə səbəb ola bilər.

Bəzən insanlar ocağı tam söndürmür, siqaret kötüklərini əraziyə atırlar. Hətta bəzi hallarda avtomobillərdən və digər vasitələrdən yaranan qığılcımlar da yanğına səbəb ola bilər. Yəni burada insan amili kifayət qədər güclüdür”.

R.Abbasovun sözlərinə görə, kənd təsərrüfatı sahələrində bitki qalıqlarının yandırılması da ciddi risk yaradır:

“Bəzən kənd təsərrüfatı bitkilərinin biçindən sonra qalan qalıqları yandırılır. Bu isə yolverilməzdir. Belə yanğınlar nəzarətdən çıxaraq yaxınlıqdakı meşəlik ərazilərə də yayıla bilər.

Ona görə də fermerlər, turistlər və yerli əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Ekoloji maarifləndirmə və ekoloji tərbiyə gücləndirilməli, insanların meşə və təbiət qarşısında məsuliyyətli davranışları formalaşdırılmalıdır”.

Ekoloq Cəmşid Quliyev isə məsələyə başqa bir aspektdən yanaşaraq bildirir ki, iqlim dəyişikliyini bütün meşə yanğınlarının birbaşa səbəbi kimi təqdim etmək düzgün deyil:

“İqlim dəyişikliyi meşə yanğınlarının əsas gücləndirici amillərindən biridir. Lakin bütün yanğınların birbaşa səbəbini yalnız iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün olmaz. Konkret regionda yanğınların sayı və əhatə etdiyi sahəyə insan fəaliyyəti, torpaqdan istifadə, meşə idarəçiliyi, külək, təbii iqlim şəraiti və digər amillər ciddi təsir göstərir”.

Ekspertin sözlərinə görə, temperaturun yüksəlməsi buxarlanmanı artırır, torpaq və bitki örtüyünün qurumasına səbəb olur. Nəticədə yanmağa meyilli materiallar daha tez alışır və yanğının daha sürətlə yayılması üçün əlverişli şərait yaranır.

“Buna uzunmüddətli quraqlıq və aşağı hava rütubəti də əlavə olunduqda meşələr daha asan alışan vəziyyətə gəlir. Güclü küləklər isə artıq baş vermiş yanğının daha geniş əraziyə və daha sürətlə yayılmasına səbəb ola bilər”.

C.Quliyev qeyd edib ki, IPCC-nin elmi qiymətləndirmələrinə əsasən, 1979-cu ildən etibarən dünyanın bitki örtüyü ilə əhatə olunan ərazilərinin təxminən dörddə birində yanğın üçün əlverişli mövsümün müddəti uzanıb.

“Lakin “iqlim dəyişikliyi bütün dünyada meşə yanğınlarının sayını artırıb” demək həddindən artıq ümumiləşdirmə olardı. İqlim dəyişikliyinin təsiri regiondan-regiona dəyişir. Bəzi regionlarda iqlim amili daha güclü rol oynayır, digər ərazilərdə isə meşələrin qırılması, kənd təsərrüfatı sahələrinin yandırılması, torpaq istifadəsinin dəyişdirilməsi və digər insan fəaliyyəti daha böyük təsir göstərə bilər”.

İnsan amili – birbaşa və dolayı səbəblər

Meşə yanğınlarının yaranmasında insan faktorunun ayrıca əhəmiyyət daşıdığını vurğulayan ekspert qeyd edir ki, antropogen səbəbləri birbaşa və dolayı olmaqla iki qrupa ayırmaq mümkündür.

Nəzarətsiz tonqal və ocaq qalamaq, siqaret kötüklərinin atılması, kənd təsərrüfatı və otlaq sahələrinin təmizlənməsi məqsədilə bitki qalıqlarının yandırılması, məişət tullantılarının yandırılması, elektrik xətlərində yaranan nasazlıqlar və qığılcımlar, texnikadan çıxan qığılcımlar və qəsdən törədilən yanğınlar birbaşa səbəblər sırasında yer alır.

İnsan fəaliyyəti eyni zamanda meşələri yanğına daha həssas vəziyyətə gətirə bilər. Məsələn, ağacların qırılması zamanı meşədə qalan qol-budaqlar və digər quru materiallar zamanla yanacaq kütləsinə çevrilir. Quraqlıq və yüksək temperaturla birlikdə bu materialların çoxalması yanğının daha intensiv və nəzarətsiz yayılmasına səbəb ola bilər.

Ekspert bu baxımdan Kəlbəcərdə müşahidə etdiyi mənzərəni də nümunə göstərib. Onun sözlərinə görə, rayonun Xüləkeçi kəndinin Mahrasa binəsi adlanan ərazisində 60-70 hektara yaxın və ya daha böyük meşə sahəsi mövcuddur. İşğal dövründə ərazidə baş verən yanğın nəticəsində çoxsaylı ağaclar məhv olub.

Hazırda həmin ərazidə bəzi qurumuş ağacların hələ də ayaqüstə qaldığını bildirən ekspert onların yeni yanğın zamanı əlavə yanacaq materialına çevrilə biləcəyini qeyd edib.

Bununla yanaşı, meşənin tədricən bərpa olunduğu da müşahidə edilir. Ərazidə xüsusilə palıd ağaclarının çoxsaylı cavan pöhrələri yaranıb. Təxminlərə görə, onların yaşı 15-20 il arasındadır. Bu isə meşənin təbii bərpasının mümkün olduğunu göstərsə də, əvvəlki vəziyyətə qayıtmağın uzun illər tələb etdiyini ortaya qoyur.

Meşə yanğınları biomüxtəlifliyi də təhlükə qarşısında qoyur

Genişmiqyaslı meşə yanğınlarının təsiri yalnız ağacların məhv olması ilə yekunlaşmır. Yanğınlar torpağın strukturunu dəyişdirir, ekoloji tarazlığı pozur və eroziyanı sürətləndirir. Su hövzələrinə yaxın ərazilərdə kül və digər yanğın qalıqlarının suya daşınması da arta bilər.

Meşələrin suyu saxlamaq və təmizləmək qabiliyyəti zəifləyir, karbonun torpaqda və biokütlədə saxlanılması azalır.

Ən ciddi nəticələrdən biri isə biomüxtəlifliyin zərər görməsidir. Yanğın zamanı heyvanların bir hissəsi birbaşa məhv olur, digərləri isə yaşayış mühitini itirdiyi üçün başqa ərazilərə köçməyə məcbur qalır. Qida mənbələrinin azalması, quşların yuvalama və çoxalma yerlərini itirməsi ekosistemin davamlılığına mənfi təsir göstərir.

Əgər eyni ərazi qısa intervallarla dəfələrlə yanarsa, meşənin özünü bərpa etmək qabiliyyəti daha da zəifləyir. Nəticədə bəzi növlər ərazidən tamamilə yox ola, daha davamlı növlər isə üstünlük qazana bilər. Beləliklə, yanğın təkcə ağacları məhv etmir, bütövlükdə ekosistemin növ tərkibini və təbii balansını dəyişir.

Yanğından sonra mübarizədən daha vacibi – onun qarşısını almaqdır

Ekspertlərin fikirlərindən də aydın olur ki, meşə yanğınları ilə mübarizə yalnız yanğın baş verdikdən sonra aparılan söndürmə tədbirləri ilə məhdudlaşmamalıdır. Əsas diqqət qabaqlayıcı tədbirlərə yönəldilməlidir.

Erkən xəbərdarlıq sistemlərinin tətbiqi, peyk müşahidələrinin gücləndirilməsi, yüksək riskli günlərdə meşələrə girişin məhdudlaşdırılması, ocaq qalama qaydalarına ciddi nəzarət, meşələrdə quru yanacaq materiallarının idarə olunması, yaşayış məntəqələrinin ətrafında yanğından mühafizə zonalarının yaradılması və yanğınsöndürmə xidmətlərinin texniki imkanlarının artırılması əsas tədbirlər sırasındadır.

Bununla yanaşı, kənd təsərrüfatı sahələrində bitki qalıqlarının yandırılmasına nəzarət gücləndirilməli, fermerlər, turistlər və yerli əhali arasında davamlı maarifləndirmə aparılmalıdır.

Uzunmüddətli perspektivdə isə istixana qazı emissiyalarının azaldılması iqlim dəyişikliyinin yanğın risklərinə təsirinin məhdudlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Əslində, bütün meşə yanğınlarını eyni kateqoriyaya daxil etmək düzgün deyil. Bəzi ekosistemlərdə təbii yanğınlar ekoloji proseslərin bir hissəsidir və müəyyən şəraitdə təbiətin özünü yeniləməsinə xidmət edə bilər. Əsas təhlükə isə təbii rejimi aşan, genişmiqyaslı, yüksək intensivlikli və tez-tez təkrarlanan yanğınlardır.

Bu baxımdan əsas məsələ yanğının ümumiyyətlə baş verməməsinə nail olmaqdan çox, meşələrin təbii yanğın rejimini pozan və ekosistemin özünü bərpa etmək imkanlarını aşan dağıdıcı yanğınların qarşısını almaqdır.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti üzrə hazırlanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər