Menyu

Ekspert: Məktəblərin qarşısında minib-düşmə yerləri yaradılmalıdır

Operativ Media
Ekspert: Məktəblərin qarşısında minib-düşmə yerləri yaradılmalıdır

Yeni tədris ilinin başlaması ilə məktəblərin qarşısında nəqliyyat sıxlığı yenidən aktuallaşıb. Xüsusilə səhər saatlarında valideynlərin övladlarını məktəbə gətirərkən avtomobillərini yolun hərəkət hissəsində və ya ikinci cərgədə saxlaması həm nəqliyyatın hərəkətinə mane olur, həm də ərazidə tıxac yaradır. Mütəxəssislər hesab edir ki, problemin yalnız cərimələrlə həlli mümkün deyil və məktəblərin qarşısında xüsusi minib-düşmə yerlərinin yaradılmasına ehtiyac var.

Mövzu ilə bağlı Operativ Media-ya nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb.

O bildirib ki, səhər saatlarında məktəblərin qarşısında valideynlərin avtomobillərini 5-10 dəqiqəlik saxlaması ilk baxışda ciddi problem kimi görünməyə bilər. Amma bunu eyni vaxtda onlarla avtomobil etdikdə vəziyyət dəyişir. Xüsusilə avtomobillər yolun hərəkət hissəsində və ya ikinci cərgədə saxlanıldıqda həm hərəkət zolağı daralır, həm də tıxac yaranır:

“Burada yalnız, belə deyək, cərimələrlə problemi həll etmək çətindir. Məktəblərin qarşısında xüsusi zonalar olmalıdır, mütləq düşmə zonaları təşkil olunmalıdır. Ötən həftə ərzində ayrı-ayrı yerlərdə Dövlət Yol Polisi ilə birlikdə AYNA belə zonalar təşkil ediblər. Orada dayanma-durmanın qadağan olduğu ərazilərdə dayanmağa icazə verilən yerlər yaradılmışdı ki, valideyn orada övladını məktəbə düşürüb yoluna davam etsin.

Buna xüsusi diqqət yetirmək lazımdır. Məktəblərin yaxınlığında olan ərazilərdə valideynlər bilməlidir ki, avtomobili uzun müddət saxlamaq doğru deyil. Məktəbin qarşısına gəlib məktəblini düşürüb çıxıb getmək lazımdır.

Burada bizim məqsədimiz olmalıdır ki, məktəblini gətirən avtomobil ümumilikdə digər yol hərəkəti iştirakçılarına, digər nəqliyyat vasitələrinin hərəkətinə problem yaratmasın, mane olmasın.

Düşünürəm ki, xüsusilə böyük məktəblərin və şəhər mərkəzində yerləşən, parklanma yerləri olmayan məktəblərin qarşısında belə xüsusi zonaların yaradılması bir zərurətdir. İmkan daxilində belə zonalar daha çox yaradılmalıdır.

Ancaq təbii ki, həmin şərtlərə valideynlər və sürücülər tərəfindən riayət olunmalıdır ki, bura yalnız minib-düşmə hissəsidir. Yəni burada uzunmüddətli, sizin dediyiniz kimi, 5 dəqiqə, lap elə 3 dəqiqə dayanmaq belə artıq tıxaclara gətirib çıxarır.

Burada problemin digər tərəfi də var. Məsələn, bir neçə belə halın şahidi olmuşuq ki, məktəbə aparan yolların üzərində, avtomobil yollarının üzərində obyektlər tikilib, yaşayış binaları tikilib.

Misal olaraq mən Nəsimi rayonunda 3-cü mikrorayon ərazisini göstərə bilərəm. Orada məktəbə gedən avtomobil yolunu bağlayıblar və onun üzərində, deməli, məktəbə bitişik yaşayış binası tikiblər.

Bu da valideynlərin öz övladlarını məktəbə gətirməsinə, məktəbdən aparmasına problem yaradır artıq. Yəni şəhərsalma və tikinti ilə bağlı olan çətinliklər də burada qeyd olunmalıdır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər