Sağlam beyin fəaliyyəti üçün hansı qidalardan uzaq durmaq lazımdır? - Ekspert danışır
Emal olunmuş qidaların gündəlik qida rasionunda yer alması, xüsusilə də ultra emal olunmuş məhsulların həddindən artıq istehlakı təkcə çəki artımına, artıq kalori qəbuluna və metabolizmə təsir göstərmir. Bu qidalar eyni zamanda beynin fəaliyyətinə də ciddi təsir edə bilər.
Bu sözləri Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, burada bütün emal olunmuş qidaları eyni kateqoriyaya aid etmək düzgün deyil. Məsələn, pasterizə olunmuş süd, dondurulmuş tərəvəzlər, yuyulmuş və doğranmış məhsullar da müəyyən emal prosesindən keçir. Lakin əsas diqqət ultra emal olunmuş qidalara yönəldilməlidir. Bunlara qazlı və şəkərli içkilər, rafinə edilmiş şirniyyatlar, saxlama müddəti uzun olan bir çox məhsullar, çipsilər, hazır yeməklər, fastfud və tərkibində çoxsaylı kimyəvi əlavələr olan məhsullar daxildir:
“Bu qidaların beyin fəaliyyətinə təsiri, ilk növbədə, tərkibində həddindən artıq şəkər, duz və doymuş yağların olması ilə əlaqədardır. Onların qəbulu orqanizmə yalnız artıq kalori və enerji verir. Eyni zamanda, lifin, faydalı makro və mikroelementlərin az olması vitamin və mineral çatışmazlığına səbəb ola bilər. Halbuki orqanizmin, xüsusilə də beynin sağlam fəaliyyəti üçün keyfiyyətli zülallara, faydalı yağlara, mürəkkəb karbohidratlara, vitamin və minerallara ehtiyac var. Paxlalılar, meyvələr və digər təbii məhsullar bu baxımdan mühüm qida mənbələridir. Lakin fastfud və ultra emal olunmuş məhsullarda bu faydalı maddələrin miqdarı, adətən, kifayət qədər olmur.
Belə qidalanma qanda şəkərin tənzimlənməsinə mənfi təsir göstərə, insulin müqaviməti olan insanlarda metabolik problemləri ağırlaşdıra və orqanizmdə müxtəlif iltihabi proseslərə şərait yarada bilər. Bu səbəbdən yaddaşın, diqqətin, öyrənmə və qavrama qabiliyyətlərinin sağlam inkişafı üçün ultra emal olunmuş qidaların gündəlik rasionda istehlakını minimuma endirmək tövsiyə olunur.
Xüsusilə yeniyetməlik və gənclik dövründə qidalanmaya daha ciddi diqqət yetirilməlidir. Çünki 20-25 yaşadək orqanizmdə inkişaf prosesləri davam edir və bu mərhələdə qəbul edilən qidaların keyfiyyəti də mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə aparılan bir sıra elmi tədqiqatlarda uzun müddət ultra emal olunmuş qidalarla qidalanmanın idrak funksiyalarına mənfi təsirləri araşdırılıb. Belə qidalanma icraedici funksiyaların, dərrakənin, qavrama və yaddaş qabiliyyətlərinin zəifləməsi ilə əlaqələndirilir. Nəticədə insanlarda planlaşdırma, məlumatları araşdırma, təhlil və analiz etmə kimi bacarıqlarda çətinliklər yarana bilər.
Sağlamlığı qorumaq üçün gündəlik qidalanmada təbii və az emal olunmuş məhsullara üstünlük verilməlidir. Şəkərli və qazlı içkilərin, rafinə edilmiş, qablaşdırılmış şirniyyatların, çipsilərin və hazır yeməklərin istehlakı məhdudlaşdırılmalıdır. Bunun əvəzinə balıq, qoz-fındıq, tərəvəz, meyvə və paxlalılar gündəlik qida rasionunda yer almalıdır. Bu məhsullar beynin sağlam fəaliyyəti üçün zəruri olan qida maddələri ilə orqanizmi təmin edir.
Bununla yanaşı, sağlam beyin fəaliyyəti üçün yalnız qidalanma deyil, həyat tərzi də əhəmiyyətlidir. Yuxu rejiminə riayət etmək və fiziki aktivliyi qorumaq da yaddaşın, diqqətin və digər idrak qabiliyyətlərinin dəstəklənməsində mühüm rol oynayır. Sağlamlığa kompleks yanaşmaq, həmçinin uzunmüddətli perspektivdə yaddaş pozuntuları və Alzheimer xəstəliyi kimi problemlərin riskini azaltmağa yönəlmiş düzgün vərdişlər formalaşdırmaq baxımından vacibdir”.