Ceyhun Bayramov TDT-nin 13-cü Zirvə görüşündə iştirak edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşündə iştirak edir.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" sosial media hesabında paylaşım edilib.
Məlumata görə, “Türk əsri: ortaq dil, fikir və fəaliyyət” mövzusuna həsr olunan Zirvə görüşündə Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verəcək.
Tədbirdə təşkilat çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin ümumi maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Zirvə görüşündə siyasi əməkdaşlıq, ticarət və investisiyalar, nəqliyyat və bağlantılar, enerji, rəqəmsal transformasiya, mədəni-humanitar əməkdaşlıq və institusional inkişaf daxil olmaqla, təşkilatın prioritet istiqamətləri üzrə əldə olunan irəliləyişlər nəzərdən keçiriləcək və mühüm sənədlər qəbul ediləcək.