Avtomobillərdə hansı təhlükəsizlik vasitələri olmalıdır?
Avtomobildə təhlükəsizlik yalnız sürücünün diqqətli olması ilə məhdudlaşmır. Yolda gözlənilməz vəziyyətlər zamanı sürücünün köməyinə çatacaq bir sıra vacib vasitələrin avtomobildə olması da önəmlidir. Yanğınsöndürən və ilk yardım çantasından tutmuş domkrat, təkər açarı, hava pompası, fənər və xəbərdarlıq üçbucağına qədər bu vasitələr həm nasazlıq, həm də qəza zamanı ciddi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Operativ Media-ya avtomobil ustası Sahil Ağabəyli danışıb.
O bildirib ki, avtomobildə təhlükəsizlik baxımından bəzi vasitələrin mütləq olması vacibdir. Bunlara ilk növbədə yanğınsöndürən və ilk yardım çantası daxildir:
“Müasir avtomobillərin bir çoxunda ehtiyat təkər olmadığı üçün elektrikli nasos və hava pompasının olması da önəmlidir. Təkərdə kiçik deşik yarandıqda həmin dəliyi müvəqqəti bağlamaq üçün xüsusi yapışdırıcı vasitələrdən istifadə etmək və daha sonra təkərə hava vurmaq mümkündür.
Bundan əlavə, domkrat və təkər açarı da avtomobildə mütləq olmalıdır. Fənərin olması da vacibdir. Xüsusilə gecə vaxtı avtomobil yolda qaldıqda fənəri avtomobildən müəyyən məsafədə yerləşdirərək digər sürücülərin avtomobili vaxtında görməsinə kömək etmək olar.
Eyni zamanda, qəza və ya avtomobilin yolda qalması zamanı xəbərdarlıq üçbucağından istifadə edilməlidir. Üçbucaq avtomobilin qarşısından və arxasından gələn sürücülərə yolda nəqliyyat vasitəsinin dayandığını göstərir və əlavə qəza riskinin qarşısının alınmasına kömək edir”.
dəqiqələr içində saytın olsun.