Nazir müavini: Məhsul şəhadətnaməsi fermerlər üçün yeni maliyyə aləti olacaq
Məhsul şəhadətnaməsinin tətbiqi aqrar sahəyə yeni maliyyə alətinin gətirilməsinə imkan verəcək.
Operativ Media xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, layihə hazırlanarkən Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın təcrübəsi araşdırılıb:
“Paket üç qarşılıqlı bağlı sənəddən ibarətdir. Burada Mülki Məcəlləyə, “İcra haqqında” Qanuna dəyişiklik və “Məhsul şəhadətnaməsi haqqında” yeni qanunun qəbul edilməsi nəzərdə tutulur. Hər üç sənədin eyni vaxtda qüvvəyə minməsi planlaşdırılıb.
İstehsal dövrünə başlamazdan əvvəl toxum, gübrə, yem kimi resurslara vəsaitə ehtiyac yaranır. Layihə bu ehtiyacı ödəmək üçün aqrar sahəyə yeni maliyyə aləti – qiymətli kağız, ilk dəfə kənd təsərrüfatı sahəsində isə məhsul şəhadətnaməsini gətirir.
Məhsul şəhadətnaməsi borclunun məhsulun istehsalı və ya ilkin emalı məqsədilə elektron qaydada buraxdığı öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır. Borclu bununla məhsulu və ya pul məbləğini mübahisəsiz şəkildə təhvil-təslim aktı əsasında vermək öhdəliyi götürür.
Məhsul şəhadətnaməsinin iki növü nəzərdə tutulur: maliyyə məhsul şəhadətnaməsi və əmtəə məhsul şəhadətnaməsi. Bunlardan biri dövrün sonunda məhsulun təqdim edilməsini, digəri isə borcun pul şəklində qaytarılmasını nəzərdə tutur.
Bu alət maliyyə institutları, o cümlədən banklar üçün də maraqlı ola bilər. Aqrar sahənin riskləri səbəbindən kreditləşmə bəzən uzun prosedurlara və çətin şərtlərə bağlanır. Qiymətli kağız isə borcun götürülməsini asanlaşdıra və onun daha qısa müddətdə geri qaytarılmasına təminat yarada bilər.
Məhsul şəhadətnaməsinin hüquqi statusunun möhkəmləndirilməsi məqsədilə onun qiymətli kağızlar siyahısına daxil edilməsi üçün Mülki Məcəlləyə müvafiq dəyişikliklər də təklif olunur.
Məhsul şəhadətnaməsini həm heyvandarlıq, həm də bitkiçilik sahəsində tətbiq etmək mümkün olacaq. Əkinçilik istiqamətində torpağın mülkiyyətçisi, real istifadəçisi və icarəçilər, heyvandarlıq sahəsində isə heyvan sahibləri bu qiymətli kağızı buraxa biləcəklər. Ortaq mülkiyyət olduqda tərəflər birgə buraxılış həyata keçirəcək və birgə məsuliyyət daşıyacaqlar.
Torpaq üzərində hüquq başqa şəxsə keçdikdə şəhadətnamə üzrə hüquq və vəzifələr də həmin şəxsə keçəcək. Qiymətli kağız indossamentlə təqdim edilə, saxlanıla, dövriyyəyə buraxıla və girov qoyula biləcək.
Şəhadətnamənin elektron qaydada, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə buraxılması nəzərdə tutulur. Sənəd elektron imza ilə imzalanacaq. Razılaşdırılmış məbləğ ödənildikdə qüvvəyə minəcək və imzalandıqdan sonra dəyişdirilə bilməyəcək.
Qədimovanın sözlərinə görə, layihənin qüvvəyə minməsi üçün sistemdə müəyyən hazırlıq işləri aparılmalıdır. Bununla bağlı qanun layihəsində qüvvəyə minmə tarixi üzrə müddəa nəzərdə tutulub və həmin müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində məhsul şəhadətnaməsinin buraxılması mexanizminin tamamlanması planlaşdırılır.
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif ölçülü təsərrüfatların maliyyə alətlərinə ehtiyacı var:
“Biz sahəni bir neçə ildir yaxından müşahidə edirik. Fermerlərin bir çoxu bu alətlərdən istifadə etməyə ehtiyac duyduqlarını özləri ifadə edirlər.
Maliyyə əlçatanlığı üçün kredit və subsidiya xaricində də imkanlar yaratmalıyıq. Məhz bu səbəbdən digər ölkələrdəki tətbiqi də nəzərə alaraq fermerlərə belə bir imkanın verilməsinin vacib olduğunu düşündük və bu layihə ilə sizlərə gəldik”.
O, deputatların qanun layihəsinin təkmilləşdirilməsi və qəbulunda dəstək göstərəcəklərinə ümid etdiyini bildirib.
dəqiqələr içində saytın olsun.