Menyu

Deputat: “Suverenliyimizin gələcək təminatı güclü dövlətimiz və milli birliyimizdir”

Operativ Media
Deputat: “Suverenliyimizin gələcək təminatı güclü dövlətimiz və milli birliyimizdir”

20 sentyabr 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. 20 sentyabrın “Dövlət Suverenliyi Günü” elan edilməsi də məhz bu tarixi hadisənin dövlətçilik baxımından müstəsna əhəmiyyətini ifadə edir.

Bu sözləri Operativ Media-ya deputat Azay Quliyev deyib.

O bildirib ki, lakin suverenliyin bərpası son deyil. Əsl məsələ onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə etibarlı şəkildə ötürməkdir:

“Suverenliyimizi qorumağın ən mühüm şərtlərindən biri güclü dövlət modelinin davamlı inkişaf etdirilməsidir. Güclü dövlət yalnız güclü ordu demək deyil. Güclü dövlət- müstəqil siyasət yürüdən, milli birliyini və siyasi həmrəyliyini qoruyan, güclü iqtisadiyyata, dayanıqlı maliyyə sisteminə, müasir qanunvericiliyə, effektiv dövlət idarəçiliyinə, güclü insan kapitalına və etibarlı təhlükəsizlik sisteminə malik dövlətdir. Bütün bunların hamısı ölkəmizdə təmin olunub.

Xüsusilə, 2020-ci il Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası göstərdi ki, milli iradə, güclü Lider amili, habelə dövlət və xalqın həmrəyliyi bir məqsəd ətrafında birləşdikdə ən mürəkkəb tarixi vəzifələri belə həll etmək mümkündür.

Qarşıdakı dövrdə əsas vəzifələrdən biri bu həmrəyliyin və dövlətçilik ətrafında birliyin qorunmasıdır.

Suverenliyin qorunması eyni zamanda, ölkə vətəndaşlarının təhlükəsizliyinin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın təmin edilməsindən keçir. Azərbaycan bu baxımdan əsl nümunədir desək, yanılmarıq.

Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, hazırkı dünyada baş verən geosiyasi təlatümlar, münaqişələr və müharibələr fonunda xarici və daxili çağırışlara hazır olmaq, milli təhlükəsizliyin bütün komponentlərini, o cümlədən hərbi, iqtisadi, enerji, ərzaq, informasiya və kibertəhlükəsizliyi vahid strategiya çərçivəsində birləşdirmək ölkəmizin əsas prioritetləri sırasındadır. Çünki XXI əsrdə dövlətin suverenliyi yalnız sərhədlərinin toxunulmazlığı ilə ölçülmür. İqtisadi cəhətdən müstəqil olmayan, texnologiyada geridə qalan, enerji və ərzaq təhlükəsizliyini təmin edə bilməyən, informasiya məkanını qoruya bilməyən dövlətin siyasi suverenliyi də müxtəlif xarici təsirlərə daha açıq olur.

Digər tərəfdən unutmamalıyıq ki, Ermənistanla defakto sülh mövcud olsa da deyure Sülh sazişi imzalanmayıb. Xarici diplomatların Kəlbəcərə səfəri, oradakı Alban abidələri ilə bağlı Prezidentin köməkçisi Hikmət Hacıyevin tarixi həqiqətləri söyləməsinə Ermənistan cəmiyyətinin və hakimiyyətinin isterik reaksiyası bir dha onu göstərdi ki, bu ölkənin verdiyi sülh bəyanatlarına heç vaxt inanmaq olmaz. Ona görə də biz bu amili daim nəzərə almalıyıq. Qarabağ və Şərqi Zəngəzurun bərpası da bu yeni dövlətçilik modelinin ən mühüm həlqələrindən biridir. Burada söhbət yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasından getmir. Burada əsas məsələ Azərbaycanın təkbaşına, heç bir kənar dəstək olmadan azad edilmiş ərazilərdə yaratdığı müasir infrastruktur, iqtisadi imkanlar, təhsil və səhiyyə sistemi, təhlükəsiz və rahat yaşayış mühitinin yaradılması və insanların öz doğma torpaqlarına qayıdışının necə və hansı yüksək keyfiyyət və templə həyata keçirilməsindən ibarətdir. Həm də nəzərər almaq lazımdır ki, Böyük Qayıdış çərçivəsində ərazilərimiz paralel olaraq minalardan təmizlənir. Bu isə mübaliğəsiz demək olar ki, dünyada görünməmiş bir nailiyyətdir, Azərbaycan nümunəsidir.

Nəhayət, güclü, müstəqil və suveren dövlət güclü vətəndaşla tamamlanır. Dövlətin uzunmüddətli gücü onun insan kapitalından asılıdır. Buna görə gənclərin keyfiyyətli təhsil alması, dünyanın qabaqcıl universitetlərində bilik və təcrübə qazanması, elmə, texnologiyaya, innovasiyaya və dövlət idarəçiliyinə cəlb olunması strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi kursunda bu amil əsas yer tutur və biz bu gün bunun konkret nəticələrini görürük.

Bu baxımdan suverenliyimizin gələcək təminatı ilk növbədə güclü dövlətimiz, milli birliyimiz və güclü vətəndaşımızdır”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər