Dağınıq sklerozun ilkin əlamətləri: Hansı simptomlara diqqət edilməlidir?
Dağınıq skleroz baş beyin, onurğa beyni və görmə sinirlərini əhatə edən, sinir liflərinin üzərindəki mielin qişasının zədələnməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu zaman immun sistemi səhvən mielin qişasına hücum edir və onun zədələnməsinə səbəb olur.
Bu barədə Operativ Media-ya nevroloq Rəna Abbasova danışıb.
O bildirib ki, nəticədə sinir impulslarının ötürülməsi pozulur və zədələnən sinir sahəsindən asılı olaraq müxtəlif klinik əlamətlər meydana çıxır:
“Nevrologiyada belə bir yanaşma var ki, bu sahədə rast gəlinən bir çox simptom dağınıq skleroz zamanı da müşahidə oluna bilər. Xəstəlik daha çox 20-40 yaş arasında olan insanlarda, xüsusilə qadınlarda rast gəlinir.
İlkin əlamətlərdən biri görmə pozuntularıdır. Xəstələrdə görmənin zəifləməsi, bulanıq və ikili görmə müşahidə oluna bilər. Bununla yanaşı, bədəndə qarışqa gəzməsi hissi, ətraflarda keyimə, iynəbatma və hissiyyatın azalması da xəstəliyin ilkin əlamətləri sırasında yer alır.
Xəstəlik inkişaf etdikcə ətraflarda zəiflik və hərəkət pozuntuları yarana bilər. Bəzi hallarda əzələlərdə spastiklik, yerişin pozulması və koordinasiya çətinlikləri müşahidə olunur. Daha irəliləmiş mərhələlərdə isə sidik qaçırma kimi problemlər də ortaya çıxa bilər. Əlamətlərin hansı formada özünü göstərməsi sinir sisteminin hansı hissəsinin zədələnməsindən asılıdır.
Dağınıq sklerozun diaqnostikasında əsas müayinələrdən biri baş beyin və onurğa beyninin kontrastlı MRT müayinəsidir. Bununla yanaşı, nevroloji müayinə və görmə sinirinin vəziyyətinin qiymətləndirilməsi də vacibdir. Digər müayinələrin aparılması isə həkimin ilkin nəticələrinə və ehtiyacına uyğun müəyyən edilir.
Xüsusilə gənc yaşlarda bu əlamətlərə diqqətlə yanaşmaq lazımdır. 18-20 yaşdan etibarən görmənin zəifləməsi, yerişin pozulması, ətraflarda gücsüzlük, keyimə, bədəndə qarışqa gəzməsi və iynəbatma hissi, eləcə də davamlı yorğunluq və halsızlıq müşahidə olunarsa, bunu adi yorğunluq və ya başqa funksional problemlərlə əlaqələndirib keçmək olmaz.
Belə şikayətlər olduqda vaxt itirmədən həkimə müraciət etmək və təyin olunan müayinələrdən keçmək vacibdir. Erkən müraciət xəstəliyin vaxtında aşkarlanması və müvafiq tibbi yanaşmanın müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.