“Turan” Çempionlar Liqası oyununa azarkeşləri pulsuz buraxacaq
Qadınlar voleybolçulardan ibarət “Turan” klubu Çempionlar Liqasında keçirəcəyi ilk ev oyununda azarkeşlər üçün xüsusi təşəbbüs həyata keçirəcək.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə baş tutacaq görüşün biletləri azarkeşlərə pulsuz təqdim ediləcək. Voleybol həvəskarları oktyabrın 10-dan etibarən biletləri Tovuz Olimpiya İdman Kompleksindən ödənişsiz əldə edə biləcəklər. Qarşılaşma üçün ümumilikdə 1500 bilet hazırlanır. Tovuzda keçiriləcək idman bayramına marağın böyük olacağını nəzərə alan klub rəhbərliyi arenaya sığmayan azarkeşlərin də oyunu canlı izləməsi üçün kompleksin həyətində böyük monitor quraşdıracaq. Bununla yanaşı, qarşılaşma başlamazdan əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq. Tədbirlə bağlı əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
dəqiqələr içində saytın olsun.