"Bordo" klubu 1 avroya satılıb
Fransanın “Bordo” klubu investisiya fondu Park Bench-in komandaya 1 avro qarşılığında sahib olmasına razılıq verildiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, sövdələşmə klubun ləğv olunmasının qarşısını almağa imkan verəcək. Park Bench eyni zamanda “Bordo”nun üzərinə düşən böyük məbləğdə borcları da öz üzərinə götürüb.
2026-cı ilin sentyabr ayının əvvəlində aşağı liqalarda çıxış edən “Bordo” milli liqalardan kənarlaşdırılıb. Klubun Regional 1 Liqasında belə fəaliyyətini davam etdirməsi uzun müddət qeyri-müəyyən olaraq qalıb. Potensial alıcılarla bir neçə razılaşma yekun mərhələyə yaxınlaşsa da, sövdələşmələr baş tutmayıb.
Alqı-satqının yekunlaşdırılması üçün növbəti mərhələdə Park Bench nümayəndələri Yeni Akvitaniya Futbol Liqasının idarəetmə nəzarəti üzrə regional komissiyasında müsahibədən keçəcəklər. Proses uğurla başa çatarsa, klubun satışı rəsmən tamamlanacaq.
“Bordo” sosial şəbəkə hesablarında sövdələşməni klubun gələcəyi baxımından “vacib addım” kimi qiymətləndirib.
“Bordo” son iki mövsümü Fransanın 4-cü divizionunda keçirib. Klub 2024-cü ildə maliyyə problemlərinə görə aşağı liqaya göndərilib. Komanda 2026/27 mövsümündə ölkə futbol piramidasında 6-cı səviyyədə çıxış etməli idi.
“Bordo” tarixində 6 dəfə Fransa çempionu olub. Klub sonuncu dəfə 2008/09 mövsümündə Liqa 1-də çempionluq qazanıb. Komandanın hesabında həmçinin 4 Fransa Kuboku qalibiyyəti var.
dəqiqələr içində saytın olsun.