Almaniya səfiri: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Almaniyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Alman Birliyi Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib.
Operativ Media xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölken Alman Birliyi Gününün tarixi və iki ölkə arasında münasibətlərin inkişafından danışıb.
Diplomat bildirib ki, yeni səfirlər adətən təyinatları ilə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyacağına ümid edirlər. Onun sözlərinə görə, Azərbaycana gəlişi də belə mühüm hadisə ilə üst-üstə düşüb.
“Mən və həyat yoldaşım iyul ayında Bakıya gəldiyimiz gün Prezident İlham Əliyev Almaniyanın Federal kansleri ilə “Strateji gündəlik” sənədini imzalamaq üçün Berlinə yola düşdü. Bununla da münasibətlərimizi həqiqətən yeni və misli görünməmiş bir səviyyəyə qaldırdı”, - deyə səfir qeyd edib.
Dirk Lölken Azərbaycanla Ermənistan arasında sülh prosesinə də toxunub. O, Almaniyanın bu prosesi yüksək qiymətləndirdiyini vurğulayıb.
“Bu, zaman tələb edəcək, lakin regionda davamlı barışıq iqtisadi tərəqqinin və beynəlxalq əməkdaşlığın təməli olmalıdır”, - deyə diplomat bildirib.
Səfir Almaniyanın birləşmə prosesində ona dəstək göstərən ölkələrə minnətdar olduğunu qeyd edib. O, bu dövrün prinsiplərinin müdafiəsinin vacibliyini vurğulayaraq Almaniyanın Avropa İttifaqının üzvü kimi fəaliyyətini davam etdirəcəyini bildirib.
Dirk Lölken həmçinin Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini deyib: “Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”.
Qəbulda Azərbaycan rəsmiləri, Milli Məclisin deputatları, diplomatlar, media nümayəndələri və ictimaiyyətin digər təmsilçiləri iştirak ediblər.
dəqiqələr içində saytın olsun.