QMİ sədri: Dövlətlə dindarlar arasında münaqişə yaratmaq cəhdləri var
“Bu tələbi irəli sürən insanlar dövlətlə dindarlar arasında münaqişə yaratmaq istəyirlər”.
Operativ Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-nin efirində hicab və vahid məktəbli forması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanın tolerantlıq siyasəti və müxtəlif dini məzhəblər arasında qardaşlıq münasibətlərinin təşviqi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Onun sözlərinə görə, ölkənin müstəqilliyinə və dövlətçiliyinə qarşı yönələn çağırışlar yolverilməzdir.
A.Paşazadə hicab məsələsindən istifadə edərək Azərbaycan dövlətinə qarşı mənfi rəy formalaşdırmaq və ölkəni digər dövlətlərlə qarşıdurmaya sürükləmək cəhdlərinin olduğunu bildirib.
O, hicabla bağlı narazılığı olan şəxslərin öz fikirlərini və tələblərini sivil şəkildə ifadə edə biləcəklərini vurğulayıb.
Hadisələrdə kənar qüvvələrin təsirinin olub-olmaması ilə bağlı suala cavabında A.Paşazadə belə təsirlərin mövcud olduğunu deyib. O bildirib ki, tələblərin irəli sürülmə forması da əhəmiyyətlidir və bəzi yanaşmalar problemlərin həllinə deyil, qarşıdurmanın yaranmasına gətirib çıxara bilər.