Füzuli Qurbanov: Azərbaycanın gələcəyini ideoloji təxribatlardan qorumaq vacibdir
Azərbaycanın vahid məktəbli forması ilə bağlı qəbul etdiyi qərar çox əhəmiyyətlidir. Bu qərarı yüksək qiymətləndirir və cəmiyyətin böyük əksəriyyəti kimi biz də dəstəkləyirik.
Bu sözləri Operativ Media-ya Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov deyib.
O bildirib ki, eyni zamanda, Azərbaycanın milli maraqlarının və ideoloji təhlükəsizliyinin qorunmasına qarşı kənar dairələr tərəfindən yaradıla biləcək hər hansı təhdidə dövlətimiz lazımi səviyyədə cavab verəcək:
“Bu təhdidlərin hansı mənbədən qaynaqlanmasının əhəmiyyəti yoxdur. Çünki söhbət müstəqil Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütmək haqqından və hüququndan gedir.
Şübhə etmirəm ki, qəbul edilən qərar tam əsaslıdır. Dövlət onun həyata keçirilməsi üçün əlindən gələni edəcək və qarşıya qoyduğu məqsədə nail olacaq. Azərbaycanın öz gələcəyini kənar müdaxilələrdən və ideoloji təxribatlardan qoruması olduqca vacibdir. Azərbaycan dövləti bununla bütün dünyaya mesaj verir ki, müstəqil siyasətindən zərrə qədər də kənara çıxmayacaq.
Məktəblilərin vahid formada təhsil alması da, şübhəsiz ki, çox vacib və zəruri addımdır. Bu, psixoloji baxımdan şagirdlərin bir-biri ilə daha asan ünsiyyət qurmasına, eyni millətin və cəmiyyətin övladları olduqlarını daha yaxşı hiss etmələrinə şərait yaradır. Bunun onların həyatlarının sonrakı mərhələlərindəki fəaliyyətlərinə də müsbət təsir göstərəcəyi qənaətindəyik.
Bu gün dünyanın bir çox yerində ciddi hadisələr baş verir, radikal davranışlar nümayiş etdirilir, hətta cinayətlər törədilir. Lakin əsas məsələ dövlətin qarşıya qoyduğu başlıca məqsəddir. Bu məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti və cəmiyyəti müstəqildir və öz tarixi keçmişi ilə müasirliyinin kəsişməsində gələcəyini qurmaqda qərarlıdır”.