Sosioloq: “Xarici qüvvələr məktəbli geyimi üzərindən cəmiyyətdə aqressiya yaratmağa çalışır” — RƏY
Son zamanlar, xüsusilə də məktəblərdə vahid məktəbli geyimi ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərarla razılaşmayan müəyyən təbəqələr və valideynlər nəzərə almalıdırlar ki, bu qərar həm təhsil verənlərin, həm də təhsil alanların vahid geyim prinsipinə əməl etməsi, insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması və müxtəlif sosial təbəqələrdən olan şagirdlərin, eləcə də müəllimlərin vahid geyim əsasında məktəbə gəlməsinə şərait yaradılması məqsədi daşıyır.
Bu sözləri Operativ Media-ya Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar yalnız vahid geyim məsələsini əhatə etmir. Bu qərar, eyni zamanda, məktəbə gələn təhsil verənlərin və təhsil alanların milli-mənəvi dəyərlərimizə uyğun geyinməsini təmin etmək, açıq-saçıq geyimlərin qarşısını almaq, azyaşlı uşaqların müxtəlif bəzək əşyalarından, kiçik sırğalardan istifadə etməsi, saçlarını uzatması və bu kimi halları tənzimləmək məqsədi daşıyır. Başqa sözlə, qərar həm şagirdlərin, həm də müəllimlərin geyiminə və məktəbdə davranış qaydalarına vahid yanaşma əsasında nizam-intizam gətirilməsini nəzərdə tutur:
“Lakin bəzi valideynlər, xüsusilə də azyaşlı uşaqlarının məktəbə bu qaydalar əsasında gəlməsindən narazılıq edir, onların müxtəlif formalı baş örtüklərindən istifadəsinə icazə verilməsini tələb edir və buna etiraz olaraq məktəbə, ümumilikdə isə təhsil prosesinə qarşı çıxmağa çalışırlar. Əslində, bu cür hallar məktəbin ümumi prinsipləri, məqsədləri və maraqları ilə uyğun gəlmir.
Məktəbin əsas vəzifəsi layiqli, Azərbaycan üçün faydalı şəxsiyyət yetişdirmək, şagirdlərə müxtəlif bilik və bacarıqlar aşılamaqdır. Lakin müəyyən qüvvələr bu məsələdən dini məqsədləri üçün istifadə etməyə də meyillidirlər. Xüsusilə məktəblərin qarşısında dini şüarların səsləndirilməsi və təhsil müəssisələrinin əleyhinə müxtəlif addımların atılması müəyyən dairələrin maraqlarına xidmət edir.
Bəzi xarici qüvvələr də bu vəziyyətdən istifadə edərək valideynləri və məktəbliləri təhsil sisteminə, eləcə də dövlətin qəbul etdiyi qərarlara qarşı qaldırmağa, cəmiyyətdə aqressiya yaratmağa çalışırlar. Bununla da Azərbaycanda ideoloji boşluq yaratmaq, müəyyən problemlər və çaxnaşmalar törətmək məqsədi güdürlər.
Əslində, belə hallara yol verilməməlidir. Azərbaycan Respublikası Baş nazirinin qəbul etdiyi qərar ümumi təhsil məktəblərində məcburi xarakter daşıyır. Bu qərar təhsil verənlərin və təhsil alanların təhsil keyfiyyətinin yüksəldilməsinə, eləcə də insanlar və müxtəlif sosial təbəqələr arasında ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edir.
Buna görə də hesab edirik ki, qərarın tətbiqi zamanı ortaya çıxan müəyyən kənar hallar zaman keçdikcə tamamilə sakitləşəcək. Məktəbə gəlmək istəməyən, təhsil müəssisələrinin qarşısında iğtişaş yaratmağa çalışan müəyyən şəxslər və qüvvələr öz fəaliyyətlərindəki səhvləri anlayacaq, uşaqlarının Azərbaycan Respublikasının qanunlarına və Baş nazirin qərarına uyğun olaraq məktəbdə təhsilini davam etdirməsinə şərait yaradacaqlar.
Bu qərarın qəbul edilməsi Azərbaycanda dünyəvi təhsilin təmin olunmasına istiqamətlənmiş addımdır. O, ümumi təhsil məktəblərində verilən təhsilin dünyəvi xarakter daşıdığının göstəricisidir. Orta ümumi təhsil məktəbləri dini təhsil müəssisələri olmadığına görə burada həm təhsil alanların, həm də təhsil verənlərin müxtəlif dini örtüklərdən və digər bu kimi vasitələrdən istifadəsinə yol verilmir.
Lakin bu, heç də Azərbaycanda hicaba, digər baş örtüklərinə və geyim formalarına qadağa qoyulması demək deyil. Bu məhdudiyyətlər yalnız ümumi təhsil məktəblərində təhsil müddətində tətbiq olunur. Məktəb təhsili başa çatdıqdan və ya dərs saatları bitdikdən sonra hər bir şəxs öz hüquq və azadlıqlarından istifadə edə, müxtəlif dini ayinləri icra edə, dini örtüklərdən, hicabdan və digər baş örtüklərindən sərbəst şəkildə istifadə edə bilər.
Yəni küçədə, xiyabanda həm şagirdlər, həm də müəllimlər bu hüquqlarını həyata keçirməkdə tam azaddırlar. Qərarın tətbiqi yalnız ümumi təhsil məktəbinin ərazisində olduğu müddəti əhatə edir.
Təəssüf ki, müəyyən şəxslər və qüvvələr bu məsələdən istifadə edərək insanlar arasında ajiotaj yaratmağa, cəmiyyətdə çaxnaşma və qarışıqlıq formalaşdırmağa çalışırlar. Lakin düşünürük ki, belə halların qarşısı vaxtında alınacaq. İnsanlar arasında maarifləndirmə işinin aparılması, xüsusilə də şagirdlər arasında sağlam və harmonik münasibətlərin formalaşdırılması bu kimi problemlərin aradan qaldırılmasına kömək edəcək”.
