Menyu

Azərbaycan ərazisi ilə tranzit daşımalarının həcmi rekord həddə çatıb

Operativ Media
Azərbaycan ərazisi ilə tranzit daşımalarının həcmi rekord həddə çatıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisi ilə tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.

Bu barədə Operativ Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq–Qərb istiqamətində 20,2 %, Şimal–Cənub istiqaməti üzrə isə 19 % artıb.

Müsbət dinamika liman əməliyyatlarında da müşahidə olunub. Cari ilin doqquz ayında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya, quru yük aşırmaları isə 71 faiz artaraq 1,73 milyon tona çatıb.

Tranzit daşımalarında müşahidə olunan müsbət dinamika nəqliyyat və logistika infrastrukturunun inkişafı, rəqəmsallaşma, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və bununla əməliyyat səmərəliliyinin artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Bununla yanaşı, qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər də Azərbaycanın tranzit potensialına tələbatın artmasına təsir göstərib. Bu istiqamətdə həyata keçirilən tədbirlər, eyni zamanda Orta Dəhliz üzrə yükdaşımaların sürətlənməsinə və marşrutun rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verib.

Tranzit daşımalarının səmərəliliyinin artırılması məqsədilə sərhəd-keçid infrastrukturu modernləşdirilir, gömrük prosedurları sadələşdirilir və dövlət qurumları arasında məlumat mübadiləsi təkmilləşdirilir.

Ölkə ərazisində avtomobil nəqliyyatı vasitələrinin keçidi mümkün olan 12 aktiv sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir ki, onların bir istiqamət üzrə ümumi sutkalıq buraxılış qabiliyyəti 4,350 nəqliyyat vasitəsi təşkil edir.

Son illərdə Azərbaycan–Rusiya sərhədində "Xanoba", Azərbaycan–İran sərhədində isə "Astara" modul tipli sərhəd-buraxılış məntəqələri istifadəyə verilib.

Bu tədbirlər sərhədlərdə nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Əlaqəli Xəbərlər