Qapalı məkanlarda kif, toz və kimyəvi maddələr hansı xəstəlikləri ağırlaşdıra bilər?
Qapalı məkanlar mütəmadi yoxlanılmalıdır. Bunlar auditoriyalar, konsert zalları, şadlıq evləri, iclas zalları və digər müxtəlif məkanlar ola bilər. Bu yerlərin hər biri mütəmadi olaraq havalandırılmalı, kifayət qədər işıqlandırılmalı və günəş şüalarının təsirindən faydalanmaq üçün müvafiq şərait yaradılmalıdır.
Bu sözləri Operativ Media-ya professor Adil Qeybulla deyib.
O bildirib ki, qapalı mühitdə nəmlik yarana bilər və bu, göbələklərin inkişafı üçün əlverişli şərait formalaşdırır. Göbələk sporları havaya qarışaraq tənəffüs yollarına düşə bilər və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər:
“Ümumiyyətlə, qapalı məkanlarda kimyəvi maddələrin istifadəsinə də diqqət yetirilməlidir. Məsələn, hər hansı bir təmizlik vasitəsindən istifadə edildikdən və ya otaqda təmir işləri aparıldıqdan dərhal sonra həmin məkana köçmək düzgün deyil. Otaq müəyyən müddət ərzində havalandırılmalıdır. Laklar, boyalar və digər kimyəvi maddələrdən ayrılan buxarların otaqdan xaric olması vacibdir ki, onlar tənəffüs yollarına daxil olmasın.
Uzun müddət istifadə olunan qapalı məkanlarda tozun və kifin yığılmasının qarşısını almaq üçün otaqlar mütəmadi təmizlənməli, havalandırılmalı və quru saxlanılmalıdır. Hər bir otaqda rütubət səviyyəsinə xüsusi diqqət yetirilməlidir. Rütubətin yüksək olması həm nəfəs almağı çətinləşdirə, həm də mikroorqanizmlərin inkişafı üçün şərait yarada bilər.
Bundan əlavə, döşəmədə və döşəmənin altında maye sızmalarının və su yığılmasının qarşısı alınmalıdır. Harada su sızması və ya həddindən artıq nəmlik varsa, həmin ərazilərdə divarların və digər səthlərin qaralması, kifin yaranması və göbələklərin inkişafı baş verə bilər. Bu göbələklərin sporları tənəffüs yollarına daxil olaraq müxtəlif xəstəliklərə, o cümlədən aspergilloza səbəb ola bilər.
Bu baxımdan, qapalı məkanlarda sanitar-gigiyenik qaydalara əməl etmək vacibdir. Otaqların necə saxlanılması və təmizlənməsi ilə bağlı konkret təlimatlar mövcuddur və bu qaydalara mütəmadi şəkildə riayət edilməlidir”.