Çiy balıq yemək hansı xəstəliklərə səbəb ola bilər?
Balıq sağlam qidalanmanın vacib tərkib hissəsi olsa da, onun çiy və ya az bişmiş halda istehlakı insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
Belə balıqlar vasitəsilə orqanizmə parazitlər və xəstəliktörədici mikroorqanizmlər daxil olaraq həzm sistemi problemlərinə, infeksiyalara və allergik reaksiyalara səbəb ola bilər. Bəs balığı hansı qaydada istehlak etmək təhlükəsizdir və dondurulma prosesi parazitləri tamamilə məhv edirmi?
Mövzu ilə bağlı Operativ Media-ya qida eksperti Fərid Səfərov danışıb.
O bildirib ki, çiy və ya az bişmiş balıq istehlakı insanlarda bir sıra parazitar və infeksion xəstəliklərə səbəb ola bilər:
“Belə balıqlarda Anisakis kimi parazitlər, həmçinin Salmonella, Listeria monocytogenes və bəzi hallarda Vibrio növləri kimi xəstəlik törədən mikroorqanizmlər mövcud ola bilər. Şirin su balıqlarının çiy və ya kifayət qədər bişirilmədən yeyilməsi isə bəzi lentşəkilli qurdlarla, o cümlədən Dibothriocephalus növləri ilə yoluxma riski yaradır. Yoluxma qarın ağrısı, ürəkbulanma, qusma, ishal və digər həzm sistemi problemləri ilə nəticələnə bilər. Bəzi parazitlər allergik reaksiyalara da səbəb ola bilər.
Balığın dondurulması parazitlərə qarşı təsirli üsullardan biridir, lakin bütün təhlükələri tam aradan qaldırmır. Parazitlərin məhv edilməsi üçün balığın müəyyən temperaturda və kifayət qədər müddət ərzində dondurulması vacibdir. Ev şəraitində dondurucuda saxlamaq bütün parazitlərin məhv olunduğuna zəmanət vermir. Bundan əlavə, dondurma bakteriyaların hamısını məhv etmir və ərimə zamanı düzgün saxlanılmadıqda mikroorqanizmlər yenidən çoxala bilər.
Qida təhlükəsizliyi baxımından ən etibarlı üsul balığı daxili temperaturu ən azı 63°C-yə çatana qədər bişirməkdir. Suşi və digər çiy balıq yeməkləri hazırlanarkən isə çiy istehlak üçün nəzərdə tutulmuş, parazitlərə qarşı müvafiq qaydada emal edilmiş balıq seçilməlidir. Bununla belə, belə emal da bütün bakterial riskləri aradan qaldırmır. Xüsusilə hamilələr, azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər çiy və az bişmiş balıqdan uzaq durmalıdırlar”.