Şəki Xan sarayını 9 ayda 178 minə yaxın turist ziyarət edib
Şəki Xan sarayını bu ilin ilk 9 ayında bilet alaraq 128 min turist ziyarət edib. Onların 45 faizini xarici, 55 faizini isə yerli turistlər təşkil edib. Bundan əlavə, təxminən 50 min nəfər sarayı ödənişsiz ziyarət edib.
Operativ Media xəbər verir ki, bunu Şəkiyə səfər zamanı jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.
O qeyd edib ki, bu rəqəmlər Şəkiyə gələn turistlərin ümumi sayını deyil, məhz Xan sarayını ziyarət edənlərin sayını əks etdirir.
Murad Ağabəyli bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən Şəkinin Yuxarıbaş Milli Tarix-Memarlıq Qoruğunda tarixi abidələrin bərpası və yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, cari il ərzində qoruq ərazisində bir neçə yeni turizm məhsulu istifadəyə verilib. Şəki Tarix-Diyarşünaslıq Muzeyində 3 mindən çox eksponatın olduğunu deyən M.Ağabəyli onların təxminən 2 mininin sərgiləndiyini diqqətə çatdırıb. Muzeyin yerləşdiyi binada bərpa və tərtibat işlərinin başa çatdığını, yeni muzeyin turistlərin marağına səbəb olduğunu vurğulayıb. Bundan başqa, Şəki şəbəkə emalatxanasında bərpa işləri yekunlaşıb və məkan muzey kimi fəaliyyətə başlayıb. Emalatxananın ətrafında Şəki sənətkarlarının fəaliyyəti üçün ərazilər yaradılıb. Həmin məkanlar bir neçə nəsildir bu sənətlə məşğul olan Rəsulovlar ailəsinə, o cümlədən şəbəkə ustası Tofiq Rəsulova və onun tələbələrinə təhvil verilib. Qoruq ərazisində iaşə obyekti də yaradılıb. XIX əsrə aid barıt hamarı adlandırılan binada isə dulusçuluq emalatxanası fəaliyyətə başlayıb.
M.Ağabəylinin sözlərinə görə, hazırda Şəki Memarlıq Muzeyinin yaradılması, Kiş kəndində tarixi məscidin bərpası və Şəkidəki tarixi hamamların bərpası istiqamətində işlər aparılır. Yuxarıbaş qoruğunda qala divarlarının daxilindəki döşəmə örtüyünün də yaxın zamanda dəyişdirilərək turistlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Qoruqların fəaliyyətinə toxunan M.Ağabəyli bildirib ki, mərkəz statistik məlumatları il ərzində rüblük olaraq, həmçinin ilin sonunda açıqlayır. Onun sözlərinə görə, qoruqların əksəriyyəti rentabelli fəaliyyət göstərir. Ən çox gəlir gətirən qoruqlar arasında Yanardağ, Atəşgah, Şəkidəki Yuxarıbaş və Kiş qoruqları yer alır. O bildirib ki, ötən il qoruqların dövlət büdcəsinə gətirdiyi gəlir 6,2 milyon manat olub. Qoruqlarda bərpa işlərinin müddətinin əvvəlcədən nəzərdə tutulandan uzun çəkə biləcəyini deyən M.Ağabəyli qeyd edib ki, proses zamanı əlavə işlərin görülməsi zərurəti yarana bilər. Bəzi hallarda iki-üç il üçün planlaşdırılan bərpa işləri daha bir-iki il uzana bilir. Onun sözlərinə görə, əsas çətinliklərdən biri bu sahədə çalışan yerli mütəxəssislərin və ustaların sayının kifayət etməməsidir. Tarixi abidələrin bərpasında yerli sənətkarların iştirakı xüsusi əhəmiyyət daşıyır, çünki ənənəvi sənət bilikləri nəsildən-nəslə ötürülür. M.Ağabəyli nümunə olaraq Şəki Xan sarayının şəbəkələrinin bərpasında sovet dövründə Əşrəf Rəsulovun iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, hazırda bu sənəti Əşrəf Rəsulovun oğlu Tofiq Rəsulov davam etdirir. Qoruqların İdarəetmə Mərkəzinin rəhbəri vurğulayıb ki, bərpa işlərinin daha səmərəli aparılması üçün hər bir regionun öz yerli ustalarının prosesə cəlb edilməsi vacibdir. Bu yanaşma Şəki ilə yanaşı, Basqal və Xınalıq kimi tarixi ərazilərdə də tətbiq olunur.