Dövlət Neft Fondu Yaxın Şərq və Avstraliyaya investisiyanı artırıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) illik müqayisədə Yaxın Şərq və Avstraliya-Yeni Zelandiya ölkələrinə investisiyaları müvafiq olaraq 0,5 faiz və 0,1 faiz artırıb.
Operativ Media ARDNF-nin cari ilin üçüncü rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-nin investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 1,9 faizi Yaxın Şərq ölkələri, 1,1 faizi isə Avstraliya-Yeni Zelandiya ölkələri təşkil edib.
Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Şimali Amerika ölkələrinə investisiyaları 2,6 faiz artaraq 27,4 faiz, Cənubi Amerika sabit qalaraq 0,1 faiz, Avropa 2,8 faiz azalaraq 26,3 faiz, Asiya 1 faiz artaraq 9,5 faiz, Afrika 0,01 faiz artaraq 0,03 faiz, beynəlxalq maliyyə təşkilatları isə 0,9 faiz azalaraq 1,4 faiz təşkil edib.