Menyu

Politoloq: İkili standartlar dünya birliyinin problemlərini daha da dərinləşdirir

Ayşən Sadıxzadə
Politoloq: İkili standartlar dünya birliyinin problemlərini daha da dərinləşdirir
3 dəq oxu

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi çox vacib hadisədir. Çünki dünya birliyinin qarşısında duran problemlər getdikcə ağırlaşır.

Bu sözləri Operativ Media-ya politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, münaqişələr baş verdikdə onların ardınca qıtlıq, müxtəlif fəlakətlər və qaçqınlıq problemləri yaranır. Bütün bunlar insanları ciddi şəkildə narahat edir.

“Buna baxmayaraq, insanlar hələ də ümidlidirlər ki, dünya birliyinin gücü, bacarığı və imkanları ən çətin dilemmaların həlli yollarını tapmağa imkan verəcək.

Əlbəttə, dialoq burada çox vacib rol oynayır. Mən deyərdim ki, dialoq bir açardır və Azərbaycan diplomatiyası, xüsusilə Prezident İlham Əliyev bu açardan uğurla istifadə edir. Biz artıq bir neçə platformada elə bir şərait formalaşdırmışıq ki, bir araya gətirdiyimiz qüvvələr, beyin mərkəzlərinin nümayəndələri, tanınmış simalar, siyasətçilər və digər şəxslər Azərbaycanın yaratdığı atmosferi görürlər. İstər hakimiyyətdə, istərsə də müxalifətdə təmsil olunmalarından asılı olmayaraq, onlar burada insanların bir-birini dinləməsi və ən əsası, kommunikasiya prosesinin qırılmaması üçün şərait yaradıldığının şahidi olurlar.

Tədbirin öz devizi də yeni körpülərin yaradılmasının vacibliyini ifadə edir. İnsanlar bir-birindən xəbərdar olmalı, ciddi koordinasiya aparmalı və uğura aparan yolları müəyyənləşdirməlidirlər.

Azərbaycanın bu istiqamətdə, əlbəttə ki, çox böyük üstünlükləri var. İlk növbədə, Prezident bu barədə də danışdı. Müharibələrin dayandırılması baxımından biz əsas məqsədimizə nail olduq. Ən azı, döyüşlər başa çatdıqdan sonra müharibənin dayanmasına şərait yaratdıq. Prezidentin mövqeyi ondan ibarətdir ki, Ermənistanla yeni əlaqələr qurmaq lazımdır. Ermənistan isə hələ də buna hazır deyil. Digər tərəfdən, onlara bərabərhüquqlu münasibətlər qurmaq imkanı da verilmir.

Buna baxmayaraq, Azərbaycan dünya birliyi qarşısında çox böyük iş görüb. Prezident ikili standartları bir daha ciddi şəkildə tənqid etdi. Çünki ikili standartlar olmasaydı, 30 il əvvəl Azərbaycanla Ermənistan arasında başlayan münaqişə bu qədər uzanmazdı. Məhz bu yanaşmaların nəticəsində dünya birliyi böyük və getdikcə dərinləşən bir problemin şahidi oldu. Nəticədə vəziyyət faciəyə çevrildi və biz minlərlə insanı itirdik.

İşğalçı tərəfin itkiləri onların öz məsuliyyəti ilə bağlıdır. Azərbaycan da öz oğullarını və qızlarını itirdi. Biz onları şəhid adlandırdıq. Ona görə də bu gün ikili standartlar mövcud olduqca və bu yanaşma davam etdikcə, dünya birliyi əzablar yaşamaqda davam edəcək.

Prezidentin digər mühüm mesajı ondan ibarət idi ki, hər bir dövlətin daxilində harmoniya şəraiti formalaşmalıdır. Azərbaycanda dini və etnik baxımdan yekdillik mövcuddur. Multikulturalizm ənənəsi həqiqətən də işlək mexanizmə çevrilib.

Biz bunu müharibə zamanı da gördük. Milli Ordumuzun sıralarında ruslar, ukraynalılar, yəhudilər, tatarlar, talışlar, ləzgilər və digər xalqların nümayəndələri təmsil olunurdular. Onların hamısı döyüşürdü, mübarizədə iştirak edirdi. Onların sıralarından Milli Qəhrəmanlar yetişdi. Bütün bunlar cəmiyyətdə mövcud olan harmoniyanın yaratdığı reallıqdır. Azərbaycan cəmiyyətindəki yekdillik və birlik bizə ciddi düşmənə, arxasında böyük qüvvələrin dayandığı düşmənə qarşı sinə gərmək imkanı verdi.

Ona görə hesab edirəm ki, bütün bu mesajlar ilk növbədə dünya birliyinə ünvanlanıb. Dünya birliyi anlamalıdır ki, ciddi problemlərin həlli üçün insanlar konkret addımlar atmalıdırlar. Kommunikasiya yaratmaq, əlbəttə, çox vacibdir. Lakin kommunikasiya ilə yanaşı, bu prosesi təmin edən kanallar da formalaşdırılmalıdır. Dediyimiz kimi, körpülər də yaradılmalıdır.

Bu kanallar və körpülər formal şəkildə fəaliyyət göstərməməlidir. Onların üzərində ciddi fikir və ideya mübadiləsi aparılmalı, müxtəlif yanaşmalar müzakirə edilməli, təkliflər irəli sürülməlidir. Çünki bu proseslər baş verməsə, dünya birliyi ənənəvi problemlərindən və uzun illərdir davam edən xəstəliklərindən heç vaxt qurtula bilməyəcək.

Təbii ki, biz daxili quruculuğumuzun, inklüziv cəmiyyət quruculuğumuzun nəticələrini də gördük. Məhz bu zəmində böyük irəliləyiş əldə etdik və qarşımıza qoyduğumuz hədəflərə uğurla çata bildik.

Hesab edirəm ki, Azərbaycanda bu cür tədbirlərin silsilə xarakteri daşıması da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçiriləcək. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı və Asiyada əməkdaşlıqla bağlı müxtəlif formatlarda tədbirlər təşkil olunur. Bütün bunlar göstərir ki, Azərbaycan beynəlxalq arenada öncül və təşəbbüskar rol oynayır və bu rol yüksək qiymətləndirilir.

Məhz buna görə də bizdən müxtəlif formatlarda sədrliyi həyata keçirmək və ya icra proseslərinə rəhbərlik etmək xahiş olunur. Çünki beynəlxalq təşkilatların fəallığı onların iştirakçılarından, ayrı-ayrı dövlətlərin fəaliyyətindən asılıdır.

Qoşulmama Hərəkatında dörd il davam edən sədrliyimiz də bunu göstərdi. Burada təkcə sədr dövlətin fəaliyyəti deyil, iştirakçıların necə hərəkət etməsi və hansı təşəbbüsləri irəli sürməsi də vacibdir. Məhz bu təşəbbüslər əsasında yeni baxışlar və yanaşmalar formalaşır.

Hesab edirəm ki, bu forumun indiki şəraitdə həm bugünkü vəziyyətimiz, həm də gələcəyimiz baxımından böyük rolu var. Bu zəmində təmaslar intensivləşməlidir ki, bir tərəfdən ünsiyyət qırılmasın, digər tərəfdən isə dialoqa bağlanan ümidlər doğrulsun.

Azərbaycan burada, həqiqətən də, öz funksional rolunu oynaya və lazımi nəticələr əldə edə bilir”.

Əlaqəli Xəbərlər