Saxta avtomobil ehtiyat hissələrini orijinaldan necə fərqləndirmək olar?
Azərbaycanda avtomobillər üçün saxta ehtiyat hissələrinin satışı geniş yayılıb. Bəzi hallarda saxta məhsullar orijinal adı altında təqdim edilir və onları xarici görünüşünə görə fərqləndirmək çətin olur.
Operativ Media xəbər verir ki, bunu avtomobil ustası Sahil Ağabəyli bildirib.
Onun sözlərinə görə, bəzi saxta ehtiyat hissələri görünüşünə görə hətta orijinal məhsullardan daha keyfiyyətli təsir bağışlayır. Buna görə də ilk baxışdan onların saxta olduğunu müəyyənləşdirmək mümkün olmur.
Sahil Ağabəyli qeyd edib ki, mühərrik üçün ehtiyat hissələri seçərkən xüsusilə diqqətli olmaq lazımdır. Çünki mühərrik yüksək temperatur və güc təsirinə məruz qalır. Bu səbəbdən mühərrik hissələri alarkən əsasən orijinal məhsullara üstünlük verilir.
Usta bildirib ki, digər ehtiyat hissələrinin keyfiyyəti də avtomobilin istismarına təsir göstərir. Keyfiyyətsiz məhsullarda zamanla boşalmalar və işləmə problemləri yarana bilər ki, bu da müştərilərin narazılığına səbəb olur.
Onun sözlərinə görə, bəzi plastik hissələr və funksiyası məhdud olan digər detallar üçün orijinal olmayan məhsullardan da istifadə etmək mümkündür. Məsələn, hava filtrinin əsas funksiyası havanı təmizləməkdir. Bu cür hissələr seçilərkən məhsulun keyfiyyətinə diqqət yetirilməlidir.
Sahil Ağabəyli vurğulayıb ki, mühərrik üçün ehtiyat hissələri alarkən orijinal məhsullara üstünlük vermək vacibdir. Orijinal hissəni əldə etmək mümkün olmadıqda isə keyfiyyətli və tanınmış brendlərin məhsullarını seçmək tövsiyə olunur.