Qazaxıstanda yeni Mülki Məcəllə hazırlanacaq
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev gələn ilin sonuna qədər yeni Mülki Məcəllənin hazırlanmasını tapşırıb.
Operativ Media Qazaxıstan mediasına istinadən xəbər verir ki, sözügedən Məcəllə keçid iqtisadiyyatı üçün hazırlanacaq.
“Bugünkü dünyada hüquq sistemi innovasiyaların uğurla tətbiqində və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Hazırkı Mülki Məcəllə 1990-cı illərdə qəbul edilib. Bu sənəd bazar iqtisadiyyatının əsas institutlarının formalaşmasının təməlini qoyub və əmlakın qorunması prinsipini təsbit edib. Bundan əlavə, o, yeni tarixi dövrdə mülki münasibətlərin hüquqi əsasını yaradıb”, - deyə Kasım-Jomart Tokayev bildirib.
“O dövrdə qabaqcıl texnologiya anlayışı belə mövcud deyildi. Əlbəttə ki, son 30 ildə cəmiyyətimiz də daxil olmaqla bütün dünya köklü dəyişikliklərə məruz qalıb. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, gələcəyin iqtisadiyyatına tarazlı keçid üçün hüquqi əsas olacaq yeni Mülki Məcəllənin qəbul edilməsi vacibdir. Bu, sahibkarlar, investorlar və vətəndaşlar üçün hüquqi sabitliyi təmin edəcək ki, onlar heç bir narahatlıq keçirmədən öz işlərini apara bilsinlər”, - deyə Prezident qeyd edib.