DYP elektroskuter istifadəçilərinə xəbərdarlıq edib
Son dövrlər elektroskuterlərdən istifadə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, eləcə də piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.
BDYPİ elektroskuter istifadəçilərinə müraciət edərək yol hərəkəti zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl etməyin, sürət həddini aşmamağın və piyadaların təhlükəsizliyini nəzərə almağın vacibliyini vurğulayıb.
Qurum xatırladıb ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır.