Azərbaycanda üç rayonda pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsinə başlanılıb
Azərbaycanda istifadəyə yararsız pestisidlər və həmin maddələrlə çirklənmiş torpaqların ərazilərdən təhlükəsiz şəkildə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Operativ Media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində təmizləmə işlərinə başlanılıb.
Bildirilib ki, ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb. Hazırda istifadəyə yararsız pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması həyata keçirilir.
Növbəti mərhələdə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur.
Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.
Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsində, keçmiş “Kənd kimya” birliklərinin ərazilərində də analoji tədbirlərin görülməsi planlaşdırılır.
Qeyd edək ki, əvvəlki illərdə Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2 000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib.
Görülən işlərin əsas məqsədi uzun illər ərzində yaranmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı riskləri azaltmaq, ekoloji təhlükəsizliyi təmin etmək və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verməkdir.