Gələn il iqtisadi fəaliyyətlə bağlı xərclərə 3,6 milyard manat ayrılacaq
2027-ci ilin dövlət büdcəsində iqtisadi fəaliyyətlə bağlı xərclərin maliyyələşdirilməsi üçün 3 milyard 607,3 milyon manat vəsait nəzərdə tutulur. Bu məbləğə dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılması planlaşdırılan 5 milyard 300 milyon manat daxil deyil.
Operativ Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, iqtisadi fəaliyyətlə bağlı xərclərin ümumi dövlət büdcəsi xərclərində xüsusi çəkisi 8,5 faiz təşkil edəcək.
Bu istiqamətdə nəzərdə tutulan vəsaitin 785,1 milyon manatı nəqliyyat və rabitə sahələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Həmin məbləğ 2026-cı illə müqayisədə 498,2 milyon manat və ya 2,7 dəfə, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 335,1 milyon manat və ya 1,7 dəfə çoxdur.