Menyu

Hazır souslar hansı sağlamlıq problemlərinə səbəb ola bilər?

Ayşən Sadıxzadə
Hazır souslar hansı sağlamlıq problemlərinə səbəb ola bilər?
1 dəq oxu

Hazır sousların sağlamlıq üçün yaratdığı əsas risk onların tərkibində duzun, şəkərin, doymuş yağların və bəzi hallarda müxtəlif qida əlavələrinin yüksək miqdarda olması ilə bağlıdır.

Bu sözləri Operativ Media-ya qida eksperti Fərid Səfərov deyib.

O bildirib ki, xüsusilə ketçup, mayonez, barbekü, soya sousu, salat sousları və müxtəlif marinadlar bu baxımdan diqqət tələb edir.

Ekspertin sözlərinə görə, belə məhsulların müntəzəm və həddindən artıq istehlakı bir sıra sağlamlıq problemlərinə yol aça bilər:

“Yüksək duz miqdarı: Xüsusilə soya sousu və bəzi hazır marinadlarda natriumun miqdarı yüksək olur. Bu, arterial təzyiqin yüksəlməsi və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

Artıq şəkər: Ketçup, şirin çili və barbekü souslarında əlavə edilmiş şəkərin miqdarı kifayət qədər çox ola bilər. Şəkərin müntəzəm və yüksək miqdarda qəbulu artıq çəki, insulin müqaviməti və ikinci tip diabet riskini artırır.

Yüksək yağ və enerji dəyəri: Mayonez və qaymaqlı souslar yüksək kalorili ola bilər. Onların tez-tez və çox miqdarda istifadəsi ümumi enerji qəbulunu artıraraq çəki artımına şərait yaradır.

Qida əlavələri: Bəzi sousların hazırlanmasında konservantlar, rəngləndiricilər, dad gücləndiricilər və stabilizatorlardan istifadə olunur. Bu maddələrin təsiri konkret əlavənin növündən və qəbul edilən miqdardan asılıdır. Təsdiqlənmiş əlavələrin normativlərə uyğun istifadəsi isə avtomatik olaraq sağlamlıq təhlükəsi demək deyil.

Turşuluq və mədə-bağırsaq həssaslığı: Sirkə, limon turşusu və acı komponentlər bəzi insanlarda reflüks və mədə yanmasını gücləndirə bilər.

Digər mühüm məsələ sousların saxlanma şəraitidir. Məhsul açıldıqdan sonra etiketdə göstərilən temperatur və istifadə müddətinə əməl edilməməsi mikrobioloji çirklənmə və qida zəhərlənməsi riski yarada bilər.

İstehlakçılara tövsiyəm odur ki, hazır souslardan tamamilə imtina etmək vacib deyil, lakin onları gündəlik qidalanmanın əsas hissəsinə çevirmək düzgün deyil. Məhsul alarkən etiketdə göstərilən duz, şəkər, yağ və enerji dəyərinə diqqət yetirmək, tərkibi daha sadə olan souslara üstünlük vermək lazımdır. İmkan daxilində sousları evdə təbii ərzaqlardan hazırlamaq daha məqsədəuyğundur”.

Əlaqəli Xəbərlər