“Valensiya”nın ümumi borcu 592,8 milyon avroya çatıb
İspaniyanın “Valensiya” klubunun ümumi maliyyə borcu 592,8 milyon avroya yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə “AS” nəşri klubun illik maliyyə hesabatına istinadən məlumat yayıb.
Bildirilib ki, borcun artmasına “Nou Mestalla” stadionunun tikinti işlərinin yenidən başlaması səbəb olub. Öhdəliklərin 93 faizi – 551,84 milyon avrosu uzunmüddətli borclardır. Bu məbləğə iş adamı Piter Limlə əlaqəli kreditlər üzrə təxminən 42 milyon avro da daxildir.
Dekabrın 9-da keçiriləcək səhmdarların ümumi yığıncağında həmin 42 milyon avronun klubun səhmlərinə çevrilməsi təklifi müzakirə olunacaq.
Qeyd edək ki, “Valensiya” əvvəlki maliyyə ilini 320 min avro xalis mənfəətlə başa vurub.
Komanda La Liqada 12 turdan sonra 9 xalla 19-cu pillədə qərarlaşıb. “Yarasalar” növbəti oyununu noyabrın 10-da İspaniya Kuboku çərçivəsində “Tavernes”ə qarşı keçirəcək.