Ölkəyə gətirilən malların gömrükdə bəyan edilməsi üçün neçə gün möhlət verilir?
Azərbaycana gətirilən mallar üzrə gömrük bəyannaməsi gömrük orqanına 15 iş günündən gec olmayaraq təqdim edilməlidir. Müəyyən hallarda bu müddət uzadıla bilər.
Operativ Media xəbər verir ki, gömrük bəyannaməsi, bir qayda olaraq, məlumatların elektron emalı üsullarından istifadə edilməklə gömrük orqanlarına təqdim olunur. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan sənədlər də elektron qaydada təqdim edilə bilər.
Qanunvericilikdə nəzərdə tutulan hallarda bəyanetmə şifahi, kağız üzərində yazılı formada və ya malların gömrük proseduru altında yerləşdirilməsinə imkan verən digər üsullarla da həyata keçirilə bilər.
Gömrük ərazisinə gətirilən mallara dair bəyannamə 15 iş günündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin və məlumatların toplanması üçün bu müddətin kifayət etmədiyini əsaslandırarsa, gömrük orqanı onun müraciəti əsasında təqdimetmə müddətini uzada bilər. Lakin uzadılma malların müvəqqəti saxlancda qalma müddəti çərçivəsində mümkündür.
Bəyannamənin təqdim edilməsi üçün son gün qeyri-iş gününə düşərsə, müddətin bitdiyi gün növbəti iş günü hesab olunur.
Gömrük ərazisindən aparılan mallar üzrə bəyannamə isə həmin mallar ölkədən çıxarılarkən təqdim edilməlidir.
Malların daşınmasını həyata keçirən nəqliyyat vasitələri, bir qayda olaraq, daşınan mallarla eyni vaxtda bəyan edilir. Dəniz, çay və hava gəmiləri isə gömrük ərazisinə daxil olduqları və ya yola düşdükləri su və hava limanında bəyan olunmalıdır.
Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri isə gömrük sərhədindən keçərkən bəyan edilməlidir.