Menyu

Hansı nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edə bilər? - QANUN

Xəbərlər redaksiyası
Hansı nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edə bilər? - QANUN
1 dəq oxu

Operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə etmək hüququna malikdir.

Operativ Media xəbər verir ki, bu avtomobillərin sürücüləri yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə bəzi yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər.

Belə ki, operativ nəqliyyat vasitələrinə yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələri, hərbi avtomobil müfəttişliyi və feldyeger rabitəsi orqanlarının funksional tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulan xüsusi avtomobillər daxildir.

Bu kateqoriyaya, həmçinin minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun təcili və təxirəsalınmaz tədbirlərində, eləcə də partlayıcı sursatların daşınmasında istifadə olunan nəqliyyat vasitələri aiddir. Pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi üçün nəzərdə tutulan avtomobillər də operativ nəqliyyat vasitələri hesab olunur.

Bundan başqa, poçt rabitəsinin milli operatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilən, eləcə də prokurorluq orqanlarına məxsus xüsusi avtomobillər bu siyahıya daxildir. Prokurorluğun belə avtomobilləri hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin aparılması, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulur.

Operativ nəqliyyat vasitələrinin üzərində xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olmalı, onlar xüsusi işıq və səs siqnalları ilə təchiz edilməlidir.

Üstün keçid hüququ olan belə nəqliyyat vasitələrinin sürücüləri yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərtilə qanunun tələblərindən kənara çıxa bilərlər. Lakin onlar hər bir vəziyyətdə nizamlayıcının siqnallarına tabe olmalıdırlar. Üstün keçid hüququndan istifadə edən operativ avtomobillərdə xüsusi səs və sayrışan işıq siqnallarının olması da tələb edilir.

Əlaqəli Xəbərlər