Deputat: Milli Dirçəliş Günü milli birlik və azadlıq iradəsinin təzahürüdür
Milli Dirçəliş Günü Azərbaycan xalqının milli özünüdərkinin güclənməsi, azadlıq və müstəqillik ideyalarının ümumxalq hərəkatına çevrilməsi baxımından tariximizin mühüm hadisələrindən biridir. Bu gün Azərbaycan xalqının milli iradəsinin, vətənpərvərlik ruhunun, birlik və həmrəylik istəyinin təzahürü kimi qiymətləndirməlidir.
Bu sözləri Operativ Media-ya deputat Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Azərbaycanda 1992-ci ildən etibarən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu günün ən mühüm vəzifələrindən biri Milli Dirçəliş Gününün tarixi mahiyyətini, milli-mənəvi dəyərlərini və müstəqillik ideyasını gənc nəslə düzgün çatdırmaqdır:
“Çünki tarixini bilməyən, dövlət müstəqilliyinin hansı çətinliklər və mübarizələr hesabına əldə olunduğunu dərk etməyən gənc nəsildə milli məsuliyyət və dövlətçilik şüurunun formalaşması çətinləşir. Gənclər başa düşməlidirlər ki, bu gün sahib olduğumuz müstəqil Azərbaycan dövləti xalqımızın uzun illər ərzində apardığı mübarizənin, milli birliyinin və azadlıq iradəsinin nəticəsidir. Müasir gənclər informasiyanın böyük hissəsini internet və sosial şəbəkələr vasitəsilə əldə edirlər. Buna görə Milli Dirçəliş Gününə həsr olunmuş sənədli filmlərin, qısa maarifləndirici videoların, elektron təqdimatların və interaktiv tarix layihələrinin hazırlanması məqsədəuyğundur. Bu vasitələr tarixi məlumatların daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır.
Milli Dirçəliş Gününün əsas ideyalarından biri də xalqın öz milli kimliyinə sahib çıxmasıdır. Bu baxımdan gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə Azərbaycan gəncliyinin qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələr yalnız ölkənin tarixini bilməkdən ibarət deyil. Həm də dövlətin gələcəyinə məsuliyyətlə yanaşmaq, milli maraqları qorumaq və Azərbaycanın inkişafında fəal iştirak etmək deməkdir”.