Deputat: Vyetnam səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyacaq
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.
Bu sözləri Operativ Media-ya deputat Azər Badamov deyib.
O bildirib ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlərin 70 ildən artıq tarixi var:
“Belə ki, 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfəri, 1978-ci ildə isə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama həyata keçirdiyi səkkizgünlük səfər ölkələrimiz arasında əlaqələrin təməlinin qoyulmasında mühüm rol oynayıb. Sovetlər İttifaqı dövründə 5 mindən çox vyetnamlı tələbə Azərbaycanda təhsil almışdır. Bu ənənə müstəqillik dövründə də davam etdirilmiş, Azərbaycan Vyetnam gəncləri üçün öz qapılarını açıq saxlamışdır. Müstəqil Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında münasibətlər bütün sahələrdə inkişaf etməkdə davam edir. 2025-ci ildə Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirəsi əbədiləşdirilmiş, onun adına xüsusi kabinet açılmışdır. Eyni zamanda, ölkələrimiz arasında münasibətlərin inkişafına dair Strateji Tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Bu sənəd ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İqtisadi əməkdaşlıq da Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü ildə 200 milyon dollar, 2025-ci ildə isə 150 milyon dollardan çox olmuşdur. Bununla belə, iqtisadi əlaqələrin mövcud səviyyəsi əməkdaşlıq potensialını tam əks etdirmir. Biz bilirik ki, Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən və mühüm iqtisadi potensiala malik ölkələrindən biridir. Bu baxımdan, ölkələrimiz texnologiyalar, enerji, bərpaolunan enerji, nəqliyyat-logistika, sənaye və digər sahələrdə əməkdaşlığı daha da genişləndirə bilərlər.
Dövlət başçımızın Vyetnama rəsmi səfəri çərçivəsində keçiriləcək görüşlər və imzalanacaq sənədlər ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün daha möhkəm hüquqi baza yaradacaqdır. Xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlıq ölkələrimiz üçün qarşılıqlı faydalı imkanlar açır. Azərbaycan Cənubi Qafqazda yerləşən mühüm tranzit ölkə kimi Vyetnamın Avropa bazarlarına çıxışında Orta Dəhlizin imkanlarından istifadə etməsinə şərait yarada bilər. Belə ki, cari ilin ilk doqquz ayında Orta Dəhliz vasitəsilə 8 min tondan çox Vyetnam mənşəli yük daşınmışdır. Eyni zamanda, Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm tərəfdaş ola bilər. Bu əməkdaşlıq ölkəmizin Asiya regionunda iqtisadi və ticarət əlaqələrinin şaxələndirilməsinə də xidmət edəcəkdir.
Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. Ölkələrimiz Qoşulmama Hərəkatı, BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq platformalarda bir-birinin mövqelərini dəstəkləyirlər. Bu qarşılıqlı dəstək dövlətlərimizin beynəlxalq nüfuzunun və mövqelərinin möhkəmlənməsinə, eləcə də haqlı mövqelərimizin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına mühüm töhfə verir.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına yeni dinamika gətirəcək, siyasi dialoqun dərinləşməsinə, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradacaqdır. Tarixi dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş münasibətlərimizin gələcəkdə daha da möhkəmlənməsi üçün geniş imkanlar mövcuddur”.