Menyu

Qırğızıstanda 14 qol vuran Ramin Əhmədov: Milli komandada oynamaq mənim üçün böyük qürur olar

Operativ Media
Qırğızıstanda 14 qol vuran Ramin Əhmədov: Milli komandada oynamaq mənim üçün böyük qürur olar
2 dəq oxu

Qırğızıstanın “Özgön” klubunda çıxış edən azərbaycanlı futbolçu Ramin Əhmədov mövsümü 14 qolla başa vurub. 25 yaşlı yarımmüdafiəçi komandasının çempionatı ikinci pillədə tamamlaması, Qırğızıstan futbolu, legioner həyatı, milli komandaya dəvət gözləntisi və gələcək karyera planları barədə Operativ Media-ya danışıb.

Müsahibəni təqdim edirik.

– Qırğızıstan çempionatını ikinci pillədə başa vurduğunuz mövsümü və komandanın çıxışını necə qiymətləndirirsiniz?

– Ümumilikdə, mövsümü komandamız üçün uğurlu hesab edirəm. Həm çətin, həm də yaxşı anlarımız oldu. Amma komanda olaraq sona qədər mübarizə apardıq və bunun nəticəsində çempionatı ikinci pillədə tamamladıq. Əlbəttə, hər bir futbolçu çempion olmaq istəyir. Biz də bu hədəfə köklənmişdik. Buna baxmayaraq, ikinci yer də yaxşı nəticədir. Düşünürəm ki, komanda yoldaşlarımla birlikdə uğurlu mövsüm keçirdik.

– Mövsümü 14 qolla başa vurmağınız şəxsi baxımdan uğurlu nəticədir. Bu göstəriciyə çatacağınızı əvvəlcədən düşünürdünüz?

– Mövsümə başlayanda özümə müəyyən hədəflər qoymuşdum. Ancaq 14 qol vuracağımı əvvəlcədən düşünmürdüm. Çünki hücumçu deyiləm, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edirəm. Mənim üçün əsas olan komandanın oyununa fayda vermək, həm müdafiədə, həm də hücumda kollektivə kömək etməkdir. Buna baxmayaraq, mövsümü 14 qolla başa vurmaq məni çox sevindirdi. Yarımmüdafiəçi üçün yaxşı göstərici olduğunu düşünürəm. Amma bununla kifayətlənmək istəmirəm. Qarşıma daha böyük hədəflər qoymuşam və gələcəkdə daha yaxşı nəticələr göstərmək istəyirəm.

– Qırğızıstan çempionatının səviyyəsi, rəqabət və futbol atmosferi barədə təəssüratlarınız necədir? Azərbaycan futbolu ilə əsas fərqləri nədə görürsünüz?

– Qırğızıstan çempionatına gəlməzdən əvvəl burada futbolun bu qədər mübarizəli olacağını düşünmürdüm. Oynadıqca gördüm ki, kifayət qədər rəqabətli çempionatdır. Məncə, Azərbaycanda futbol taktiki və texniki baxımdan daha çox fərqlənir. Qırğızıstanda isə fiziki mübarizə və sürətli oyun ön plana çıxır.

– Legioner həyatı, yeni ölkəyə və komandaya adaptasiya baxımından hansı çətinliklərlə qarşılaşdınız? Qırğızıstanda oynamaq sizə nə qazandırdı?

– Başqa ölkəyə gedəndə ilk vaxtlar müəyyən çətinliklər olur. Yeni mühit, fərqli futbol və ailədən uzaqda olmaq asan deyil. Bunlara futbol həyatının bir hissəsi kimi baxıram. Çalışdım ki, qısa zamanda komandaya uyğunlaşım və bütün diqqətimi futbola yönəldim. Komanda yoldaşlarım və məşqçilər korpusu da adaptasiya olmağımda mənə kömək etdilər. Qırğızıstanda oynamaq mənə həm futbolçu, həm də insan kimi çox şey qazandırdı. Daha çox təcrübə topladım, özümə inamım artdı və fərqli futbol mühitində özümü sınamaq imkanı əldə etdim.

– Uğurlu mövsümdən sonra milli komandadan dəvət gözləyirdiniz?

– Düzünü desəm, hər bir azərbaycanlı futbolçu kimi mənim də ən böyük arzularımdan biri milli komandamızın formasını geyinməkdir. Mövsümü 14 qolla başa vurduqdan sonra müəyyən qədər ümidim var idi. Amma bilirəm ki, milli komandaya dəvət almaq üçün daim öz üzərində işləməli və sabit çıxış etməlisən. Dəvət gəlib-gəlməməsindən asılı olmayaraq, öz işimi görməyə çalışıram. Milli komandada oynamaq mənim üçün böyük qürur olar. İnşallah, bir gün bu arzum gerçəkləşər. Allahdan xeyirlisi.

– Gələcək karyeranız haqda düşüncələriniz nələrdir? Azərbaycana qayıtmaq variantını nəzərdən keçirirsiniz?

– Hələlik legioner həyatı yaşamaq istəyirəm. Bəli, bir neçə ölkədən təkliflərim var. Amma Allahın xeyirlisi, bəlkə də burada qalaram.

Əlaqəli Xəbərlər