Ceyhun Bayramov: Azərbaycan İtaliya şirkətlərinin investisiyalarını müsbət qiymətləndirir
Azərbaycan İtaliya şirkətlərinin ölkə iqtisadiyyatına yatırdığı investisiyaları və müxtəlif sahələrdə əməkdaşlığı müsbət qiymətləndirir.
Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti və investisiyaları iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır.
O bildirib ki, son illərdə iki ölkənin şirkətləri arasında, o cümlədən elmi-texniki əməkdaşlıq sahəsində müxtəlif layihələr nəzərdən keçirilir.
Ceyhun Bayramov İtaliya şirkətlərinin “ADEX” müdafiə sənayesi sərgisində iştirakını yeni əməkdaşlıq istiqaməti kimi dəyərləndirib və bunu müsbət qarşıladıqlarını vurğulayıb.
Nazir mina təmizləmə sahəsində İtaliyanın Azərbaycana dəstəyini də qeyd edib. Bu sahədə İtaliya şirkətləri ilə ANAMA arasında əməkdaşlıq olduğunu bildirərək İtaliya tərəfinə təşəkkürünü ifadə edib.
O, İtaliyanın Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini və ölkəmizə dəstək göstərdiyini diqqətə çatdırıb. Bu baxımdan COP29-u nümunə göstərən nazir İtaliyanın Azərbaycanın səkkiz təşəbbüsünə qoşulduğunu bildirib.
Ceyhun Bayramov, həmçinin Azərbaycanın beynəlxalq tədbirlərində İtaliyanın yüksək səviyyəli nümayəndə heyətləri ilə iştirakını iki ölkə arasındakı əlaqələrin göstəricisi kimi qiymətləndirib.
Nazir humanitar sahənin də ənənəvi olaraq Azərbaycan və İtaliya arasında mühüm əməkdaşlıq istiqamətlərindən biri olduğunu qeyd edib.