Menyu

Yeni il bəzəkləri görünməz təhlükə yarada bilər: Yanğından necə qorunmalı?

Ayşən Sadıxzadə
Yeni il bəzəkləri görünməz təhlükə yarada bilər: Yanğından necə qorunmalı?
2 dəq oxu

Yeni il bayramı ərəfəsində evlərdə elektrik girlandalarından, işıqlı dekorasiyalardan və müxtəlif bəzək əşyalarından istifadə artır. Lakin təhlükəsizlik qaydalarına əməl edilmədikdə, bu dekorasiyalar yanğın və qısaqapanma riskinə səbəb ola bilər. Xüsusilə nasaz elektrik naqilləri, həddindən artıq yüklənmiş uzadıcılar və yanan materialların işıqlandırma vasitələrinə yaxın yerləşdirilməsi ciddi təhlükə yaradır. Bəs bayram dekorasiyalarından istifadə zamanı hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir?

Mövzu ilə bağlı Operativ Media-ya təhlükəsizlik eksperti Samir Nəbiyev danışıb.

O bildirib ki, əsas təhlükə zədələnmiş naqillər, boş elektrik kontaktları, eləcə də rozetka və uzadıcıların həddindən artıq yüklənməsi zamanı yaranır:

“Boş kontaktlarda qızma və qığılcımlanma, izolyasiyası zədələnmiş naqillərdə isə qısaqapanma baş verə bilər. Yaxınlıqda yerləşən kağız, parça və digər tezalışan bəzəklər belə hallarda asanlıqla alovlana bilər. Naqillərin qapı və pəncərə arasında sıxılması, yaxud ağır əşyaların altında qalması da təhlükəni artırır.

Bundan əlavə, qurumuş təbii yolka, yanan şamlar və qızdırıcıların yaxınlığında yerləşdirilən dekorasiyalar yanğın riskini daha da yüksəldir. ABŞ Yanğın İdarəsinin (USFA) NFPA məlumatlarına istinadən bildirdiyinə görə, evlərdə baş verən yolka yanğınlarının təxminən üçdəbirinə yaxını elektrik problemləri ilə əlaqəlidir. Bu fakt bayram işıqlandırmasının təhlükəsizliyinə ciddi yanaşmağın vacibliyini göstərir.

Elektrik girlandaları alarkən etibarlı satıcılara, məhsulun istehsalçı məlumatlarına, texniki göstəricilərinə və istifadə təlimatına diqqət yetirilməlidir. Beynəlxalq IEC 60598-2-20:2022 standartı daxili və açıq məkanlarda istifadə olunan işıq girlandaları üçün xüsusi təhlükəsizlik tələblərini müəyyən edir. Buna görə məhsul seçərkən onun müvafiq təhlükəsizlik tələblərinə uyğunluğu barədə məlumatları yoxlamaq məqsədəuyğundur.

Hər mövsüm girlandaları quraşdırmazdan əvvəl naqillər, fişlər və birləşmələr yoxlanılmalı, zədələnmiş məhsullardan istifadə edilməməlidir. Bir-birinə qoşulan girlandaların sayı istehsalçının müəyyən etdiyi həddi keçməməli, rozetka və uzadıcılar həddindən artıq yüklənməməlidir. Elektrik naqillərini xalçanın altından keçirməkdən, onların sıxılmasından və zədələnməsindən çəkinmək lazımdır.

Açıq havada yalnız bu məqsəd üçün nəzərdə tutulmuş girlandalardan istifadə edilməlidir. Adapter və birləşmələr də istehsalçının təlimatına uyğun olaraq rütubətdən qorunmalıdır. LED işıqlar daha az enerji sərf edir və ənənəvi işıqlandırma vasitələri ilə müqayisədə daha az qızır. Lakin bu, onların naqillərinin və qidalandırıcılarının təhlükəsizliyinə nəzarət ehtiyacını aradan qaldırmır.

Böyük Britaniyanın Electrical Safety First təşkilatının tövsiyələrinə əsasən, evdən çıxarkən və yatmazdan əvvəl bayram işıqları söndürülməli, onların fişləri elektrik rozetkasından çıxarılmalıdır.

Yolka qızdırıcılardan və açıq alov mənbələrindən ən azı bir metr aralı yerləşdirilməlidir. Təbii yolkadan istifadə edildikdə isə onun su qabının hər gün yoxlanılması və qurumasının qarşısının alınması vacibdir.

Yanğın baş verərsə, ilk növbədə insanların təhlükəsizliyi təmin edilməli, məkan təhlükəsiz çıxış yolu ilə tərk olunmalı və 112-yə zəng edilməlidir. Gərginlik altında olan elektrik avadanlıqlarına isə qətiyyən su tökmək olmaz”.

Əlaqəli Xəbərlər