Menyu

Dövlət qurumlarının elektron xidmətlərində nələr dəyişir? - Vacib yeniliklər

Operativ Media
Dövlət qurumlarının elektron xidmətlərində nələr dəyişir? - Vacib yeniliklər
2 dəq oxu

Dövlət qurumları elektron xidmətləri istifadəyə verməzdən əvvəl bir sıra rəylər almalı, informasiya təhlükəsizliyi tələblərini yerinə yetirməli və sistemlərini Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etməlidirlər.

Operativ Media xəbər verir ki, elektron xidmətlərin təşkili və göstərilməsi üçün dövlət orqanları “İnzibati icraat haqqında” və “Dövlət xidmətləri haqqında” qanunların, eləcə də digər normativ hüquqi aktların tələblərinə əməl etməlidirlər. Xidmətlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi texniki tələblərə də uyğun olmalıdır.

Elektron xidmətin istifadəyə verilməsi üçün əvvəlcə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məqsədəuyğunluq barədə müsbət rəyi alınmalıdır. Nazirliyin rəyində təkmilləşdirmə ilə bağlı təkliflər olarsa, həmin təkliflər əsasında müvafiq işlər görülməlidir.

Bununla yanaşı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmalıdır. Sistem mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli, elektron xidmət vahid reyestrə daxil olunmalı və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməlidir.

Bu şərtlər yerinə yetirildikdən sonra xidmət Elektron Hökumət İnformasiya Sistemi üzərindən və ya qurumun rəsmi internet səhifəsində, yaxud sahəvi portallarda həmin sistemə keçid verilməklə təqdim edilə bilər.

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydalarını Nazirlər Kabineti müəyyən edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumlarına elektron xidmətlərin təşkili, texnoloji avadanlıq və proqram təminatının tətbiqi, dövlət informasiya ehtiyatlarının və sistemlərinin yaradılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı yazılı və şifahi izahlar verəcək. Nazirlik bu sahələrdə yaranan çətinliklərin aradan qaldırılması üçün qurumlara metodiki kömək də göstərəcək.

Dövlət qurumları elektron xidmətlər və informasiya sistemləri üzrə tələblərə əməl olunması vəziyyətinin öyrənilməsi məqsədilə göndərilən sorğuları ən geci 5 iş günü ərzində cavablandırmalıdırlar.

Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin müəyyən edilmiş tələblərə uyğunluğunu qiymətləndirəcək. Qiymətləndirmənin aparılması qaydasını Prezidentlə razılaşdırmaqla Nazirlər Kabineti müəyyən edəcək.

Qiymətləndirmə zamanı dövlət qurumları zəruri şərait yaratmalı, müvafiq informasiya sistemlərinə və ehtiyatlarına çıxışı, texnoloji infrastruktura baxış və test imkanlarını təmin etməlidirlər.

Tələblərin pozulması halları aşkarlandıqda isə dövlət qurumları onların aradan qaldırılması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin göstərişlərini yerinə yetirməlidirlər.

Qanunvericiliyə görə, elektron xidmət dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, xidmət göstərən tərəflə istifadəçi arasında birbaşa təmas olmadan təqdim edilməsi formasıdır. Xidmətin məqsədləri üçün birbaşa təmasın zəruri olduğu hallar bu anlayışdan istisna edilir.

Əlaqəli Xəbərlər