Fermalarda qaz, temperatur və su sərfiyyatı rəqəmsal sistemlə izlənəcək
Heyvandarlıq və quşçuluq komplekslərində rəqəmsal idarəetmə sistemləri vasitəsilə havanın keyfiyyətinə, temperatur və rütubətə, işıqlandırmaya, eləcə də su sərfiyyatına nəzarət nəzərdə tutulur.
Operativ Media-nın əldə etdiyi məlumata görə, göstəricilər normadan kənara çıxdıqda sistemlərin avtomatik xəbərdarlıq və müdaxilə imkanları olmalıdır.
Belə ki, quşçuluq komplekslərində mikroiqlimə nəzarət sistemləri ammonyak (NH₃), karbon qazı (CO₂) və hidrogen-sulfid (H₂S) qazlarının konsentrasiyasını fasiləsiz izləməlidir. Qazların miqdarı yol verilən hədlərlə müqayisə edilməli, monitorinq sistemləri kalibrasiya olunmalı və avtomatlaşdırılmalıdır.
_*Temperatur normanı aşanda soyutma sistemi işə düşəcək*_
İstilik stresi riski olan heyvandarlıq və quşçuluq obyektlərində temperatur-rütubət indeksinin avtomatik hesablanması təmin edilməlidir.
Bu göstərici müəyyən edilmiş normativ hədləri aşdıqda dumanlandırma, evaporativ soyutma, tunel ventilyasiyası və ya digər soyutma sistemləri avtomatik işə salınmalıdır. Beləliklə, temperatur və rütubətin heyvanların sağlamlığına mənfi təsir göstərə biləcək səviyyəyə çatmasının qarşısının alınması hədəflənir.
_*İşıqlandırma heyvan və quşların xüsusiyyətlərinə uyğun tənzimlənəcək*_
Müəssisələrin bina və qurğularında işıqlandırma sistemləri enerji səmərəliliyi nəzərə alınmaqla layihələndirilməli, avtomatlaşdırılmış işıqlandırma texnologiyalarının tətbiqi nəzərdə tutulmalıdır.
Bu sistemlər quşların yaş qruplarına, məhsuldarlıq istiqamətinə və saxlanma rejiminə uyğun olaraq işığın intensivliyini və spektral tərkibini tənzimləməlidir. Həmçinin heyvan və quşların davranışına mənfi təsir göstərə bilən işıq titrəməsinə, yəni stroboskopik effektə yol verilməməlidir.
_*Su sərfiyyatı rəqəmsal cihazlarla izlənəcək*_
Heyvandarlıq və quşçuluq müəssisələrinin su təchizatı sistemləri sərfiyyatı fasiləsiz qeydə alan rəqəmsal ölçü cihazları ilə təchiz edilməlidir.
Su istifadəsində normadan kənar dəyişiklik aşkarlandıqda sistem avtomatik xəbərdarlıq verməlidir. Bu, su sərfiyyatına nəzarətin gücləndirilməsinə və mümkün nasazlıq və ya qeyri-adi istifadə hallarının vaxtında müəyyən edilməsinə imkan verəcək.