Menyu

Qazaxıstanlı jurnalist: “Sabah”ın qol vurmasını çox istəyirəm”

Operativ Media
Qazaxıstanlı jurnalist: “Sabah”ın qol vurmasını çox istəyirəm”
2 dəq oxu

“Düşünürəm ki, “Barselona” qalib gələcək. Bununla belə, “Sabah”ın da qol vuracağına inanıram. Komandanın bir və ya iki dəfə fərqlənməsi mümkündür”.

Bu sözləri “Sabah” – “Barselona” matçını izləmək üçün Bakıya gələn qazaxıstanlı jurnalist Aikerim Zhomart Operativ Media-ya açıqlamasında deyib.

O, qarşılaşma ilə bağlı proqnozunu bölüşərək “Barselona”nın xüsusilə ikinci hissədə daha üstün oyun nümayiş etdirəcəyini düşündüyünü bildirib:

“İlk hissədə “Sabah” yaxşı təsir bağışlaya bilər. Lakin ikinci yarıda “Barselona”nın ardıcıl qollar vuraraq qələbəyə yaxınlaşacağını düşünürəm. Çünki bu komanda xüsusilə ikinci hissələrdə daha güclü təsir bağışlayır. “Sabah” isə matçın əvvəlindən xarakterini göstərməyə və özünü sübut etməyə çalışacaq. Proqnozum 1:3 və ya 2:4 hesabıdır”.

Aikerim Zhomart “Sabah” klubu haqqında məlumatlı olduğunu və bunda Qazaxıstan millisinin üzvü, vaxtilə Azərbaycan təmsilçisinin qapısını qorumuş Aleksandr Pokatilovun rolunun böyük olduğunu söyləyib:

“Qazaxıstanda yaşadığım üçün “Sabah”ı tanıyıram. Pokatilov bu klubun qapısını qoruyub və milli komandamızda çıxış edir. Məhz onun vasitəsilə “Sabah” haqqında məlumat əldə etmişəm. Komandanın Çempionlar Liqasına vəsiqə qazanmasından sonra klubla daha yaxından maraqlanmağa başladım. Məni təəccübləndirən məqamlardan biri komandanın cəmi bir neçə il əvvəl, səhv etmirəmsə, 2017-ci ildə yaradılması və qısa müddətdə belə nəticələr əldə etməsidir”.

Qazaxıstanlı jurnalist izlədiyi oyunlarda “Sabah”ın tez-tez ofsayd vəziyyətinə düşməsinin diqqətini çəkdiyini də vurğulayıb.

O, Bakıya ilk dəfə gəldiyini və paytaxtımızın onda xoş təəssürat yaratdığını bildirib:

“Bakıya ilk gəlişimdir. Şəhər çox gözəldir, hər şey möhtəşəmdir. Əminəm ki, bizi qarşıda gözəl oyun gözləyir. “Sabah”ın qol vurmasını çox istəyirəm. Komandanın ən azı bir və ya iki dəfə fərqlənməsi mənim üçün çox xoş olardı. Çünki bu matç “Sabah”ın futbolçuları üçün böyük fürsətdir. “Barselona” ilə qarşılaşmaq milyonlarla insanın səni izləməsi deməkdir. Bu oyun onların gələcək karyeraları üçün də mühüm imkan yarada bilər”.

Aikerim Zhomart Bakıda hələlik şəhərin yalnız bir hissəsini gəzdiyini, buna baxmayaraq, paytaxtla bağlı təəssüratlarının müsbət olduğunu qeyd edib:

“Dünən axşam bir dəfə gəzintiyə çıxmışam. Hələ Bakının hər yerini gəzdiyimi deyə bilmərəm. Amma indiyədək şəhər məndə çox gözəl təəssürat yaradıb. İnsanlar və şəhərin atmosferi möhtəşəmdir. Üstəlik, hər tərəfdə çoxlu qazaxla qarşılaşmaq özümü yad ölkədə tək hiss etməməyimə kömək edir. Bakı səfərim çox xoş keçir. Əminəm ki, bu, həyatımın ən gözəl və unudulmaz xatirələrindən biri olacaq”.

Əlaqəli Xəbərlər