"Sabah"ın ispaniyalı rəsmisi: "Barselona"ya qalib gələ bilərik
“Sabah” klubunun tibbi xidmətlər şöbəsinin rəhbəri Mateo Perez “Barselona” ilə qarşılaşmada komandalarının qələbə qazanmaq şansının olduğunu bildirib.
Operativ Media xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının liqa mərhələsində bu gün keçiriləcək görüşlə bağlı ölkəsinin “Sport” nəşrinə danışıb.
Perez bildirib ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandıqdan sonra ətrafındakı insanların əksəriyyəti ondan “Barselona” ilə oyuna bilet istəyib:
“Hamı məndən yalnız “Barselona” ilə matça bilet istəyir. Nə “Napoli”, nə də “Borussiya” ilə qarşılaşmaya maraq göstərirlər”.
Azərbaycana gəlməzdən əvvəl İspaniyanın aşağı liqalarında çalışan Mateo Perez “Sabah”ın ölkə çempionatında “Qarabağ”ın hegemonluğuna son qoymasını xüsusi uğur kimi qiymətləndirib.
“Çempion olmaq möhtəşəm hadisə idi. Mövsüm boyu “Qarabağ”la rəqabət aparmaq çox gözəl təcrübə oldu”, – deyə o bildirib.
İspaniyalı mütəxəssis “Barselona” ilə görüşdə komandalarının şanslarını yüksək qiymətləndirib. Onun sözlərinə görə, səfər amili, uzun uçuş və vaxt fərqi rəqib üçün çətinlik yarada bilər.
“Qələbə qazanmaq imkanımız var. Altı saatlıq uçuş və üç saatlıq vaxt fərqi asan deyil. Qarşılaşma çətin olacaq, lakin qalib gəlməyimiz mümkündür”, – deyə Perez vurğulayıb.
O, Lamin Yamalın matçda iştirak etməməsinin “Sabah” üçün müəyyən üstünlük olduğunu da qeyd edib. Bununla belə, mütəxəssis ən güclü heyətlə çıxış edən “Barselona”ya qarşı oynamağın daha maraqlı olacağını söyləyib.
Perez “Sabah”ın oyun üslubunun İspaniya La Liqasında çıxış etməyə imkan verdiyini düşünür. O, komandanın topa nəzarətə və hücum futboluna üstünlük verdiyini bildirib.
Yeni ata olan Mateo Perez Azərbaycanda uzun müddət qalmaq niyyətində olmadığını da açıqlayıb. O, Bakıya yeni təcrübə qazanmaq məqsədilə gəldiyini və gələcəkdə başqa ölkələrdə də çalışmaq istədiyini deyib.
Mütəxəssis Azərbaycanda özünü yaxşı hiss etdiyini, lakin İspaniyadan uzaqda yaşamağın, xüsusilə yemək baxımından, müəyyən çətinliklər yaratdığını diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlayacaq.