Heyvandarlıq və quşçuluq binaları necə tikilməlidir? - Yeni tələblər
Heyvandarlıq və quşçuluq müəssisələrinin binalarının layihələndirilməsi zamanı ölçülər, mərtəbələrin sayı, havalandırma və temperatur rejimi kimi məsələlər müəyyən tələblərə uyğun olmalıdır.
Operativ Media xəbər verir ki, nəqsəd heyvan və quşların saxlanılması üçün lazımi şəraitin yaradılması, tikililərin isə möhkəm və uzunömürlü olmasıdır.
Tələblərə əsasən, heyvandarlıq və quşçuluq müəssisələrinin binaları texnoloji proseslərin xüsusiyyətlərinə uyğun ölçülərdə layihələndirilməlidir. Belə tikililər, bir qayda olaraq, eni və hündürlüyü eyni olan paralel aşırımlardan ibarət, planda düzbucaqlı formalı və birmərtəbəli olmalıdır.
İki qarşılıqlı perpendikulyar istiqamətdə aşırımları olan, eləcə də aşırımlarının eni və hündürlüyü fərqlənən binaların tikintisinə yalnız müvafiq əsaslandırma olduqda icazə verilir. Çoxaşırımlı binalarda eyni istiqamətdə yerləşən aşırımların hündürlükləri arasında fərqə yol verilmir.
Müvafiq texniki əsaslandırma olduqda donuz və quşların saxlanılması üçün nəzərdə tutulan binalar çoxmərtəbəli layihələndirilə bilər. Bu tikililərin ölçüləri və mərtəbələrinin sayı heyvan və quşların müxtəlif enə və mərtəbə sayına malik binalarda saxlanılması variantlarının texniki-iqtisadi müqayisəsi əsasında müəyyən edilməlidir.
Qoyunların saxlanılması üçün isə yerli inşaat materiallarından, o cümlədən daş, kərpic, qamış və çiy kərpicdən istifadə etməklə tikililərin istənilən formada layihələndirilməsinə yol verilir.
Heyvandarlıq və quşçuluq binalarının tikinti həlləri və mühəndis avadanlıqları daxildə temperaturun və nisbi rütubətin sabit saxlanılmasını təmin etməlidir. Bu göstəricilər saxlanılan heyvan və quşların növləri və xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Temperatur və nisbi rütubət rejimlərinin normalaşdırılmadığı yerləşgələr istisna olmaqla, binaların divarlarında və örtüklərində kondensatın, yəni su damcılarının yaranmasına yol verilmir.
Binaların və otaqların inşaat konstruksiyaları möhkəm, uzunömürlü və odadavamlı olmalıdır. Eyni zamanda, tikililər qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənən zoogigiyenik tələblərə cavab verməlidir.
Bir qayda olaraq, eyni binada istehsalat, köməkçi və anbar təyinatlı sahələrin və otaqların yerləşdirilməsi nəzərdə tutulmalıdır.