Qlobal iqtisadiyyat yeni problemlərlə üzləşir
Dünyanın bir çox ölkəsində yüksək olan inflyasiyanın azaldılması üçün faiz dərəcələrinin artırılması bəzi inkişaf etmiş iqtisadiyyatlarda tənəzzül riskini artırır.
Bu barədə "Operativ Media" "Anadolu Agnetliyi"nə istinadən xəbər verir.
Məlumata görə, bəzi inkişaf etmiş ölkələrdə daşınmaz əmlak, tikinti və bank sektoru daha da zəifləyəcək. COVID-19 pandemiyasından sonra sürətli iqtisadi canlanma bir çox sektorlara təsir edib. Belə ki, sektorlarda yaranan tələb-təklif balanssızlığı, Rusiya-Ukrayna müharibəsi səbəbilə təchizat zəncirlərindəki pozuntular və enerji böhranı inflyasiyanın qlobal problemə çevrilməsinə səbəb olub.
Bir çox böyük Mərkəzi Banklar inflyasiyanı azaltmaq üçün son onilliklərin ən aqressiv monetar sərtləşdirməsini həyata keçirir. Və bu, sərtləşdirmə addımlarının inflyasiya hədəfinə çatana qədər davam edəcəyi gözlənilir.
Məlumata əsasən, ABŞ Federal Ehtiyat Sistemi iyun ayında keçirdiyi iclasda uçot dərəcəsini 5-5,25% aralığında saxlayıb. Türkiyə Mərkəzi Bankı isə pul siyasətini sərtləşdirən Kanada, İsveçrə, Norveç, Hindistan, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın Mərkəzi Banklarına qoşulub. Belə ki, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 17,5%-ə qaldırıb.
Faiz dərəcələrinin artırılması inflyasiyanı azaltmaq üçün ən təsirli vasitə kimi önə çıxsa da, faiz dərəcələrinin gözləniləndən yüksək qala biləcəyi ilə bağlı qeyri-müəyyənliklər qlobal iqtisadiyyatda yeni çətinliklərin yaranması riskini artırır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ötən ay açıqladığı Qlobal İqtisadi Görünüş Hesabatına əsasən, pul siyasətinin sərtləşdirilməsi bankların maliyyələşdirmə xərclərinin kəskin artmasına və daşınmaz əmlak bazarına investisiyaların tədricən azalmasına səbəb olub.
Gözəl Həşimova