Ukraynada 18 rusiyalı deputat haqqında həbs qərarı çıxarılıb
Ukraynada Rusiya parlamentinin aşağı palatası Dumanın 18 deputatı qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bəyanat yayıb.
Bildirilib ki, Dumanın 91 deputatının Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasına töhfə verdiyinə dair təkzibedilməz sübutlar toplanılıb.
Açıqlamada deputatlardan 18-nin 15 il həbs cəzasına məhkum edildiyi, digər 73 rusiyalı deputat üçün isə ittiham aktının məhkəməyə göndərildiyi paylaşılıb.
“Deputatlar 2022-ci il fevralın 15-də Rusiya prezidentini müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanımağa çağırmaq qərarına dəstək veriblər. Fevralın 22-də (sözügedən deputatlar) Kreml ilə Luqansk və "Donetsk Xalq Respublikası" arasında qondarma dostluq, əməkdaşlıq və qarşılıqlı yardım sazişinin təsdiqinə səs verdilər. Moskva bu qərardan Ukraynaya qarşı genişmiqyaslı silahlı hücumun rəsmi əsası kimi istifadə etdi”, - bəyanatda əlavə edilib.
Bəyanatda qeyd olunub ki, həbs cəzası alan 18 rusiyalı deputat Rusiya ərazisində olduğundan, onların cəzalarının başlama tarixi faktiki olaraq saxlanıldıqları gündən başlayacaq.