UEFA Avropa Liqasının təsnifat mərhələsinin statistik göstəricilərini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, turnirin ən çox qol vuran komandaları arasında “Qarabağ” da yer alıb. 3 oyuna rəqib qapılarına 6 dəfə yol tapan Ağdam təmsilçisi hazırda siyahıda 5-ci yeri tutur. Qurban Qurbanovun komandası bu görüşlərin üçündə də qələbə qazanıb (HİK-lə hər iki matçda 2:1, “Olimpiya” ilə oyunda 2:0).
Ən çox qol vuran komandaların siyahısına 10 qolla “Heken” (İsveç) başçılıq edir. “Şerif” (Moldova) 8 qolla 2-ci, “Ludoqorets” (Bolqarıstan) və “Zrinski” (Bosniya və Herseqovina) 7 qolla 3-cü-4-cü yerləri bölüşdürürlər.
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade isə bombardirlər siyahısında yer alıb. 3 oyuna 2 qol vuran braziliyalı eyni göstəriciyə malik “Şerif”in futbolçusu Devid Ankeye ilə birgə 4-5-ci pillədə qərarlaşıb. “Heken”dən Srdjan Kristiç və İbrahim Sadik, “Ayaks”dan (Niderland) Muhammed Kudus hərəyə 3 qolla 1-3-cü yerləri tuturlar.






